Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ÇİYƏLƏK ƏKƏN İLK KƏND

26 aprel 2020 | 16:00

Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır. Bunlardan: alma, limon və xinin turşularının, qlükoza və saxaroza şəkərlərini, aşı maddələri, C vitaminini, karotini, pektin maddələri, dəmir duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250 – 280 mq % C vitamini, 2 – 3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.

Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədirlər.

Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.

Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.

Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.

Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən (1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.
Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.

Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.

Masallı rayonunda çiyələkçiliyə ilk dəfə Çaxırlıda rəvac verilib.
Hazırda payıbəlli və həyətyanı torpaqlarda 30 hektar sahədə çiyələyə qayğı göstərilir.

Bir neçə gündür ki, kənddə çiyələk yığımına başlanmışdır. Artıq təzə məhsul Bakıya, Masallı bazarına və ətraf rayonlarına göndərilmişdir.
Çiyələk yığımı gündən — günə sürətlənir. Bu sahədə Nəsimi Əliyev  və Reyhan Əsgərovanın işi təqdirəlayiqdir.

Keçidlər