Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının çay plantasiyalarında qızğın iş gedir və bu sahə yenidən dirçəlir

26 aprel 2020 | 16:00

Çayçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası məqsədilə keçən il Masallı rayonu ərazisində “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi) çərçivəsində 15 hektar sahədə yeni çay plantasiyaları salınmışdır.  Hazırda  Masallı rayonunda  ümumilikdə 120 hektar çay plantasiyaları mövcuddur ki, bundan 100 hektarı “Azərsun” holdinq tərəfindən salınmışdır.

Cari ildə də rayonun Tüklə kəndində 20 hektar yeni çay plantasiyalarının salınması nəzərdə tutulmuşdur.
Artıq Masallı rayonu ərazisindəki çay plantasiyalarında budama işləri başa çatdırılıb.
Belə ki, fevral ayının ikinci yarısından başlayaraq çay plantasiyalarında budama işləri aparılıb. Budama aqrotexniki qulluğun ilk mərhələsi hesab olunur. Bununla da yeni yarpaqların inkişafı sürətlənir, nəticədə bol məhsul yetişir.
Aparılan aqrotexniki qulluq və becərmə işlərindən sonra mövsümün ilk çay yığımına başlananır.

Masallıda ilk çay yığımına mayın əvvəllərində başlanması nəzərdə tutulur.

Bölgəmizin tanınmış araşdırma tarixçisi, Azərbaycanın Əməkdar müəllimi Musarza Mirzəyev «Əkinçilik tariximizdən» silsilə yazılarından olan «Çayçılıq»dan başlıqlı məqaləsində yazır ki, “Çay” çin sözüdür. Eramızın IV əsrində Çində əkilməyə başlansa da, 2700 il eramızdan əvvələ aid əlyazmalarda çay içkisi haqqında yazılara rast gəlinir.
Azərbaycanda ilk dəfə 1912-ci ildə (bəzi mənbələrdə 1886-1890, bəzilərində 1896-cı illərdə) Lənkəranın Bürcəli kəndi ilə Seyid-Türbə arasındakı yerdə, buraya köçmüş mülkiyyətçi M.Novoselov özünə məxsus sahədə Gürcüstandan gətirdiyi çay toxumlarını əkmişdir. Bu ölkəmizdə çayçılıq tarixinin başlanğıcı oldu.
Çayçılığın dirçəlişi, inkişafı yalnız sovet dövründə başlandı. 1928-ci ildə Lənkəran və Astarada, 1936-cı ildən Masallıda, daha sonralar Zaqatala, Balakən, Qax rayonlarında çay plansiyaları salındı . 1932-ci ildə respublikamızda ilk dəfə Lənkəranın Hovozova kəndində çay “kolxozu”- birgə təsərrüfatı yaradıldı. Burada 50 hektar sahədə çay plantasiyası salındı.1937-ci ildə isə ilk çay fabriki istifadəyə verildi və qutularda ilk “Azərbaycan çayı” buraxıldı.
Masallıda çay ilk dəfə 1936-cı ildə 3 hektar sahədə, Hişkədərə kəndində kolxoz briqadiri Hənifə Səlimov tərəfindən əkilməyə başlanmışdır. Sonrakı illərdə Mahmudavar, Kolatan, Bədəlan,Türkoba, Qızılavar, Tüklə, Miyənkü, Rüdəkənar, Qodman, Qəzvinoba, Sığdaş və s. kəndlərdə, həmçinin Ərkivan və Boradigah qəsəbələrində çay plantasiyaları salındı.
1950-ci ildə Bədəlan kəndində rayonda ilk çay fabriki istifadəyə verildi. Masallı şəhərində, Boradigah qəsəbəsində, Kolatan kəndində yeni çay fabrikləri inşa olundu, çayçılıq Masallının əsas gəlirli təsərrüfat sahəsinə çevrildi. Ötən əsrin 40-cı illərinin əvvəllərində rayonda 400 hektar çay sahəsi var idisə 50-ci illərdə bu rəqəm 500 hektara çatdırıldı. Rayon üzrə ümumi gəlirin təxminən 30 faizi çayçılığın hesabına əldə olunurdu. Rayonun 9 kəndində 1400 hektar sahədə çay yarpağı yetişdirildi. Masallı yüksək sürətlə respublikamızın ən böyük çaybecərmə rayonlarından birinə çevrilmişdi. 1981-ci ildə rayonda çay plantasiyalarının ümumi sahəsi 2600 hektar olmuş, 7600 ton yaşıl çay yarpağı yığılmışdır.
1989-cu ildə 3300 hektar sahədə 9760 ton, 1990-cı ildə 3324 hektar sahədə 8490 ton məhsul əldə olunmuşdur. 1995-ci ildə çay yığımı məlum səbəblərdən 8 dəfə azalaraq 1176 ton olmuş, çay plantasiyaları məhv edilmiş, 5 çay fabriki fəaliyyətini dayandırmış, çayçılıq mühüm təsərrüfat sahəsi kimi iflasa uğramışdır.
Dövlət çay sahələrini onun sahiblərinə qaytardı, amma, onun çox cüzi bir hissəsi qorundu, zəhmətkeş əhalinin böyük əksəriyyəti min bir əzabla başa gəlmiş “yaşıl qızıl” sahələrini bir göz qırpımında yönümünü dəyişdirib, əkin-biçin, mal-qara üçün örüş sahəsinə çevirdilər, kolları qırıb oduncaq kimi istifadə etdilər.
Hazırda Masallıda kənd təsərrüfatı yenidən prioritet sahəyə çevrilir. Son bir neçə ildə rayonumuzda çayçılığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar atılır. Sovetlər dövründə çayçılıqla məşğul olmuş kəndlərimizdə bu çoxillik bitkinin yenidən dirçəldilməsi istiqamətində aparılan maarifləndirmə işləri, göstərilən səylər uğurla davam edir.
Bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyev Lənkəran şəhərində keçirilən “Çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair” respublika müşavirəsində müvafiq qurumlara lazımı tapşırıqlarını verdi:”Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdir və çayın istehsalı 26 min tona çatmışdır. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.
Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər… 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək”.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov da müşavirədə çayçılıqla bağlı son illər rayonda görülən işlər barədə məlumat verib bildirdi ki, əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınmış, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaqdır. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilmiş, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulmuşdur. Hazırda burada 50-yə yaxın iş yeri yaradılmış. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır.
Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır.Tapşırığınıza əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülmüş, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılmış və ilkin razılaşmalar əldə olunmuşdur. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür.”
Rayon rəhbərinin təşəbbüsü ilə Kolatan kəndinin “Sığaçolə” (Daşlı çala) deyilən ərazisində çay əkini üçün nəzərdə tutulan 100 hektar sahədən 40 hektarı əkilmiş, əkin sürətlə davam etdirilir. Yaxın vaxtlarda əkin işi bütövlüklə başa çatacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il ölkə iqtisadiyyatının qarşısında duran vəzifələrlə bağlı çıxışlarının birində deyirdi: “Çayçılığın inkişafı. Bu sahə ilə bağlı indi ciddi işlər aparılır. Yeni texnologiyalar var ki, məhsuldarlığı kəskin şəkildə artırır. Burada fermerlərə şərait yaradılmalıdır. Onlara da sitmullaşdırıcı təkliflər verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında çayçılıq inkişaf etsin. Biz çayı da ixrac edirik. Ancaq idxal da edirik. Yəni daxili təlabat çoxdur. Ona görə çayçılığın inkişafı ilk növbədə idxalı azaldacaq. Azərbaycan çayı keyfiyyətlidir və biz öz çayımızla xaricə daha çox çıxmalıyıq.
Çin, Seylon, Hindistan, İran, Gürcüstan çaylarından bütün keyfiyyətlərinə görə hec də geri qalmayan Azərbaycan çayı dünyanın ən inkişaf etmiş ölkələrində şöhrət tapmışdır.
2002-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən çay sərgisində Azərbaycan çayı “XXI əsr Avropanın qızıl mükafatı”na layiq görülmüşdür. Bu il isə dünya çayçılıq üzrə nüfuzlu mütəxəssis alimlərin iştirakı ilə keçirilən müsabiqədə çayımız keyfiyyəti və tərkibindəki 130-dan artıq kimyəvi maddələri əhəmiyyətinə görə dünyada birinci olmuşdur.
Ötən əsrin 80-90-cı illərində Lənkəran rayonuna rəhbərlik etmiş Dilruba Camalova müsahibələrin birində çayımızın şöhrətindən bəhs edərkən qeyd edirdi ki, Hindistanın dövlət başçısı, sabiq baş naziri İndira Qandi bölgəmizdə yetişdirilən ilk dərişli “buket” çayını çox xoşlayırmış, onun üçün Lənkərandan hər il 700-800 kiloqram yüksək keyfiyyətli quru çay göndərilirdi. Hindistan bütün dünyaya çay ixrac etdiyi halda bu ölkənin başçısı Azərbaycan çayı içməyi xoşlayır, onu bütün çaylardan üstün hesab edirdi. Onu da qeyd edək ki, həmin illərdə Hindistandan Azərbaycana gətirilən furuş çayın bir qismi də bölgəmizdə qablaşdırılırdı.

Keçidlər