Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2014-cü ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

18 aprel 2014 | 15:00

Aprelin 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində 2014-cü ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı  keçirilmişdir.

            Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2014-cü ilin I rübünün yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2014-cü ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

            Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri davam etdirilir. Bu işlər çərçivəsində qeyd olunan küçələrdə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri tamamlanmaq üzrədir.

            Eyni zamanda Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq-İncəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1 saylı, Kolatan, Bədəlan kənd tam orta məktəblərinin əsaslı təmiri və Mahmudavar kənd əsas məktəbinin tikintisi aparılır. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılmışdır ki, onlardan biri sosial təşəbbüslə həyata keçirilir.

            İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir.  2014-cü ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə 98 nəfər müraciət etmişdir. Onlardan 64 nəfəri işlə təmin olunmuşdur ki, onların da 24 nəfərini qadınlar təşkil edir. 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% artaraq 94,2 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqaisədə 1,3 faiz artaraq 6,8 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 8,4 faiz artaraq 14,8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,3 faiz artaraq 15,3 milyon manat olmuşdur.

            Rüb ərzində adambaşına düşən pul gəlirləri 443,3 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 262,1 manat olmuşdur.

            2014-cü ilin birinci rübündə Masallı rayonunun yerli gəlirləri 8 milyon 174 min 30 manata qarşı 6 milyon 293 min 85 manat və ya 83,5 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 1 milyon 742 min 160 manata qarşı 1 milyon 829 min 385 manat və ya 105% icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Rüb ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 10 layihə üzrə 816000 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına , fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 52 yeni iş yerinin açılmasına səbəb olmuşdur.

            Masallı  Respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi  ehtiyacı olan sahə kimi kənd təsərrüfatının inkişafı ali dövlət  rəhbərliyinin diqqət mərkəzindədir. Bu diqqətin nəticəsidir ki, 2014-cü ilin birinci rübündə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 14,8 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1149 min manat və ya 8,4% çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 154,1 manat olmuşdur.

            01 aprel 2014-cü il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73724 başa, xırda buynuzlu mal-qaranın baş sayı 83177 başa çatmışdır. Birinci rübdə süd istehsalı 12099 tona, ət istehsalı 1514 tona, yumurta istehsalı 19.211.000 ədədə çatmışdır.

            Rayonda 11158 ha taxıl, ondan 8277 ha buğda, 2881 ha arpa və 1671 ha dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə 1402 ha kartof, 65 ha bostan və 775 ha tərəvəz əkilmişdir. Hal hazırda tərəvəz əkini davam etdirilir.

            Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 7.0 ton tərəvəz, 10.8 ton kartof, 490 litr qatıq, 2 ton balqabaq, 1350 litr süd və 17200 ədəd yumurta göndərilmişdir.

            210 min nəfərdən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir. Cünki məhsul istehsalına çox az bir dövr qalıb və vaxtımız çox məhduddur. Bu məqsədlə tərəfimizdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər əlaqədar təşkilatlara ünvanlanmış məktublarda kartof və tərəvəz məhsullarının  xaricə ixrac olunmasına  köməklik olunması xahiş olunmuşdur. Bu proses ciddi nəzarətdə saxlanılır.

            Rayonda kənd təsərrüfatının istehsalının ixtisaslaşması günümüzün vacib tələblərindəndir və bu işin uğurlu icrası torpaq resurslarının kəmiyyət və keyfiyyət xarakteristikalarından asılıdır. Əlbəttə bu, uzun müddət və böyük hazırlıq tələb edən prosesdir. Masallıda ənənəvi və faydalı əkin sahələri  əsasən tərəvəzçilik, çayçılıq və kartofçuluq hesab olunur. Taxılçılıqdan bu sahələrə keçid prosesinin sürətlə aparılması və hazırda əkilməyən 10 min hektara yaxın torpaq sahəsinin əkin altına salınması  minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifah halının ciddi şəkildə yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər.

            Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 39000 m3 həcmində və 16 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür. Bundan əlavə Viləş çayının hər iki sahilində təmizlik işləri aparılaraq 5000 ağac əkilmişdir.           

            Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 30 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 10 ha sahə kollardan təmizlənmişdir. Mövsüm ərzində 15000 ağac və gül kolları əkilmişdir.

      Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.

      Lakin heyvandarlığın inkişafında mühüm rol oynayan süni mayalanmanın rayonda lazımi səviyyədə aparılmaması, bu sahənin gəlirli bir sahəyə çevrilməsinə mane olan əsas səbəblərdəndir. Heyvanların kəsiminə nəzarətin olmaması və ya formal xarakter daşıması əhalinin sağlamlığını birbaşa təhdid edir. Bu nöqsanlar dəfələrlə qeyd olunsa da hələ lazımı nəticə çıxarılmamışdır. Ona görə də rayon Baytarlıq idarəsinin rəhbərliyi mövcud problemlərin həlli məqsədilə xüsusi tədbirlər planı hazırlamalı və icrasını təmin etməlidir.

         Tarazlı regional inkişafın sosial yönümünün gücləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, regional siyasətdə insan amilinin önə çəkilməsi istiqamətində atılan addımlar daim diqqət mərkəzində saxlanılır.

Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 1067,5 min manata qarşı 1213.6 min manat və ya 113,7%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 344,2 min manata qarşı 246,9 min manat və ya 71,7% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 158 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 452 nəfərə əmək pensiyası təyin olunmuşdur.

            2014-cü ilin birinci rübündə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 5079 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 4783 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 296 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 672054.43 min manat vəsait ödənilmişdir. Həmçinin rüb ərzində 7017 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 501414.44 manat vəsait ödənilmişdir.

            Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir. Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 10 kvt-lıq  xətlərdə təmir bərpa işləri aparılmış, 44 ədəd dəmir beton, 13 ədəd isə ağac dirək dirək dəyişdirilmişdir. 220 kVt Masallı  yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri davam etdirilir.

            Lakin enerji haqlarının toplanmasında istənilən nəticə əldə olunmamışdır və bu sahədə çətinliklər hələ də qalmaqdadır.

            Dövlət Proqramı əsasında rayon mərkəzinin və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar hazırda Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Rüb ərzində rayonun Dəlləkli kəndi təbii qazla təmin olunmuşdur. Yaxın vaxtlarda Qədirli və Xallıcallı kəndlərində yeni qaz xətlərinin çəkilməsi işlərinə başlanılması nəzərdə tutulmuşdur.

            Təbii qaz haqlarının yığılması sahəsindəki vəziyyət də qənaətbəxş deyil və ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Artıq 2 ildir ki, Cənab Prezidentin xeyir duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.Bu proses çərçivəsində görülən işlərdə uzunmüddətli gecikmələr və problemlər müşahidə olunmuşdur. Bununla bağlı tərəfimizdən  aidiyyətı təşkilatlara ciddi iradlar bildirilmiş və nəticədə işlərin gedişində müsbət dönüş əldə olunmuşdur.Ümid edirk ki, bu layihə vaxtında və yüksək keyfiyyətlə tamamlanacaq və bununla da şəhərin ən böyük problemi öz həllini tapacaqdır.

            Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  19 km-ə yaxın magistral  xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.

       Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən birinci rübdə gündəlik 274,0 min m2 sahədə təmizlik işləri aparılır. Eyni zamanda şəhərin küçə və prospektlərində su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtı-vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır.

       Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri geniş vüsət almışdır. Bu çərçivədə rayonda  33 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin əsaslı təmiri və bir məktəbin tikintisi davam etdirilir.

            Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən yeganə peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və fəaliyyətinin genişləndirilməsi həlli vacib məsələlərdəndir. Burada bir sevindirici məqamı da qeyd etmək istəyirəm ki, Masallıda  Humanitar və Texnologiya kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bu məsələyə  müsbət reaksiya verilmişdir. Kollecin açılması üçün hazırlıq işləri sürətlə aparılır və yeni dərs ilində fəaliyyətə başlaması nəzərdə tutulur. Bu kollecdə müxtəlif  ixtisaslı kadrların, o cümlədən turizm, tibb və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır.

         Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının istər maddi texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir.

      Son illərdə bu uşaq bağçalarının üçü əsaslı təmir olunmuşdur. Hazırda Masallı şəhərində 2 uşaq bağçasının tikintisi və Kolatan kəndində isə yeni uşaq başçasının əsaslı təmiri davam etdirilir.

            İnsanların sağlamlığı, sağlam həyat tərzi məsələləri daim diqqət mərkəzində saxlanılır. Səhiyyənin, xəstəliklərin profilaktikası sisteminin inkişafı gündəlikdə olmaqla, sahəyə yönəldilən investisiyalar ilbəil artırılır.

       2014-cü ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.

       2014-cü ilin ilk üç ayında rayonda 668 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.7% (5 nəfər) olmuşdur. Uşaq ölümü isə 1.5% (1 nəfər) olmuşdur.

       Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 721 nəfər yeni doğulmuş uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.

       Rayon əhalisinin tibbi müayinəsi davam etdirilir. Bu günə qədər 69865 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 9560 nəfəri müxtəlif yardımçı diaqnostik müayinələrdən keçirilib. Müayinələr zamanı 1450 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 1360 nəfər ambulator, 90 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.

       İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4266 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 500 vərəmli xəstə, 108 nəfər xroniki böyrək çatışmamazlığı, 714 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 74 talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Lakin imtiyazlı xəstələrin, xüsusilə də şəkər xəstələrinin dərmanla təmin edilməsi üçün ayrılan vəsaitin yetərsiz olması ciddi problemlər yaradır. Bu məsələnin həlli ilə bağlı cəhdlərimiz davam edəcəkdir.

  Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanalarının əsaslı təmiri, rayonun müxtəlif ərazilərində 6  həkim məntəqəsinin tikintisi  davam edir. Bu görülən işlər Masallı səhiyyəsinin imkanlarını xeyli genişləndirəcək və əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin əhəmiyyətli şəkildə yaxşılaşmasına səbəb olacaqdır.

            Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 1 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 63 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 12 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.

            Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 135954 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 67050 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

            Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. Hazırda Ulu Öndərin 91 illik yubleyinin, turizm sərgisinin və III Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsinə hazırlıq işləri aparılır.

            Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 3 ayı ərzində bu turist obyektlərində 3145 nəfər turist istirahət etmişdir ki, onlardan 320 nəfəri xarici turist olmuşdur. 

            Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP, AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 90 ilk təşkilatının 9 min 500 nəfərə yaxın üzvü vardır. Digər partiya  üzvlərinin ümumi sayı 1400 nəfərə yaxındır.

            Rayon ərazisində 38 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat  qeydiyyatdan keçməsə də lakin fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq, gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4, sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.

  Yenidən inşa olunan Mərkəzdə Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı  gənclərin və şagirdlərin istifadəsinə verilmişdir.

Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 344 nəfər gənc hərbi xidmətə yola salınmışdır.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2014-cü ilin birinci rübündə rayon ərazisində 63 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 95.1 % olmuş və 2 cinayət hadisəsi açılmamış qalmışdır.

           Ərazilərdə torpaqların zəbt olunması və qanunsuz tikililərin qarşısının alınması  məqsədilə dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq ərazi nümayəndələrinin, bələdiyyələrin və Torpaq və Xəritəçəkmə komitəsinin Masallı rayon şöbəsinin bu məsələyə münasibəti qəbuledilməzdir. 

      Habelə bələdiyyələr ərazilərdə istirahət mərkəzlərinin qurulması işini sürətləndirməli və bu məsələlər qısa müddətdə yekunlaşdırılmalıdır.

      Rüb ərzində rayon İcra hakimiyyətinə 456 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 234-u vətəndaşların, 222 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 275 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 580 nəfər iştirak etmiş, onlardan 34 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə 45 təklif vermişlər.

    Hesabat dövründə “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər Rayon İcra Hakimiyyəti Başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə İcra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.

Burada bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, rayonda aparılan sürətli abadlıq və qurucluq işləri şəhərimizin gözəlləşməsinə, insanların həyat şəraitinin yaxşılşmasına xidmət edir və burada hər birimizin böyük əməyi vardır. Bu işlərin görülməsi nə qədər vacibdirsə, onların qorunması da bir o qədər əhəmiyyətlidir. Lakin təəssüf hissiylə qeyd etmək istəyirəm ki, bir cox hallarda çəkdiyimiz əziyyətə qiymət qoymuruq və gördüyümüz işləri qorumuruq. Hasarların üzlüklərinin qoparılması, səkilərin sökülməsi, işıq dirəklərinin sıradan çıxarılması və kabellərin oğurlanması artıq adi hal almışdır.

Belə xoşagəlməz halların qarşısı qətiyyətlə alınmalı və bu əməllərə yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir.

Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırılmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir. Xüsusilə də xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.

Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin aparılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir.Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.

Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.

Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.

            Toplantıda çıxış edənlərdən Masallı rayon Təhsil şöbəsinin müdiri Astan İbişov, Masallı Elektrik Şəbəkəsinin direktoru Famil Yaqubov, DSMF Masallı rayon şöbəsinin müdiri Nahid Şəmşirov və başqaları 2014-cü ilin I rübündə Masallı görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər