Masallıda zəfəran əkin və becərilməsinə diqqət
Masallı rayonunda ənənəvi əkin sahələrindən biri olan zəfəran bitkisinin əkininə diqqət artırılıb.
Ötən əsrin 90-cı illərindən başlayaraq Masallıda uzun müddət tənəzzül dövrünü yaşayan bu əkin sahəsi fermerlərə və məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onlara verilən subsidiyalar və güzəştli kreditlər hesabına yenidən dirçəlməyə başlayıb.
Ötən il rayonunun Qızılağac, Qızılavar, Öncəqala, Mahmudavar, Ərkivan, Çaxırlı, Sığdaş kəndlərinin ərazisində 22 hektar sahədə zəfəran bitkisi əkilib.
Qeyd edək ki, məişətdə, xüsusən kulinariada daha çox işlənən, ədviyyat bitkisi olan və Novruz bayramından sonra əkilən bu bitki quraqlığa davamlıdır.
Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olan bitkisidir.
Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. Məsələn, "Zəfəranlı aş", "Zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur.