Şriftin ölçüsü :

Saytın rəngi :

Hər kənddə iki hektar sahədə tütün əkilməsi planlaşdırılıb

27 aprel 2020 | 16:00

Tütünçülük rayonun iqtisadiyyatında həmişə gəlirli sahə sayılıb.

Bu il rayonun ərazilərinin hər birində 2 hektar tütün əkilməsi planlaşdırılıb. Hazırda rayonda tütün əkininə ciddi hazırlıq işləri görülür. Şitilliklər salınır, peyin, toxum, polietilen örtük tədarük edilir. Fermerlər bol məhsul əldə etmək üçün keyfiyyətli şitil yetişdirmək əzmilə çalışırlar.

Tütünçülük Masallı rayonunun iqtisadiyyatında həmişə əsaslı  sahə sayılıb.

Masallı DAİM-dən «Yeni həyat» qəzetinin redaksiyasna verilən məlumata görə bu il rayonun ərazilərinin hər birində 2 hektar tütün əkilməsi planlaşdırılıb.

Hazırda rayonda tütün əkininə ciddi hazırlıq işləri görülür. Şitilliklər salınır, peyin, toxum, polietilen örtük tədarük edilir.

Fermerlər bol məhsul əldə etmək üçün keyfiyyətli şitil yetişdirmək əzmilə çalışırlar.

Cənub bölgəsinin tanınmış araşdırma tarixçisi, Azərbaycanın Əməkdar müəllimi Musarza Mirzəyev «Əkinçilik tariximizdən» silsilə yazılarından olan «Tütünçülük»dəın başlıqlı məqaləsində yazır ki, tütünçülük ən gəlirli təsərrüfat sahələrindən biridir. XVI əsrə qədər tütün yalnız Cənubi Amerikada yetişdirilmişdir. 60-a qədər növü məlumdur. Azərbaycanda XVII-XVIII əsrlərdən əkilməsi ehtimal olunur. XIX əsrin 40-cı illərindən isə təsərrüfat sahəsinə çevrilmiş, iqtisadiyyatımızda müəyyən yer tutmuşdur. XIX əsrin 70-ci illərindən Azərbaycanda tütün əkini sürətlə genişlənməyə başladı. Bu 1872-ci ildə xaricdən Rusiyaya gətirilən tütün üzərində qoyulan gömrük haqqının qaldırılması ilə əlaqədar idi.
1883-cü ildə Azərbaycanda təqribən 144 desyatin sahəni əhatə edən 554 tütün plantasiyası var idi. Buradan 15707 pud (1 pud = 16 kq) məhsul toplanmışdı. Ölkədə istehsal olunan tütünün miqdarı durmadan artırdı, 1883-cü ildən 1893-cü ilədək dövrdə təkcə Bakı quberniyasında 10 il ərzində tütün əkilən sahə 3 dəfə artmışdı. Bu irəliləyiş sonrakı illərdə də davam edirdi. 1900-cü ildə Azərbaycanda 239 desyatin sahədə 22297 pud məhsul əldə edilmişdisə, 1903-cü ildə 485 desyatin sahədə 42411 pud olmuşdu. 1913-cü ildə isə ümumi sahəsi 155 desyatin olan 928 tütün plantasiyası var idi. Bu dövrdə Azərbaycan bütün Zaqafqaziyada istehsal olunan tütünün 30 faizindən çoxunu verirdi. 1918-1920-ci illərdə tütün əkini demək olar ki, dayanmışdı. 1921-ci ildən Azərbaycanda hər il 45650 pud tütün istehsal olunmuşdur. 1932-ci ildə 3 min hektar sahədə tütün əkilmişdisə 1937-ci ildə 5 min hektara çatmışdı, həmin müddətdə məhsul istehsalı iki dəfədən çox artmışdı. XIX əsrin ortalarından başlayaraq bölgəmizdə xarici tütün sortlarının becərilməsinə başlanmış və uğurlu nəticə əldə olunmuşdu. Lənkəran qəza rəisinin bununla bağlı hesabatında qeyd olunur ki, “Mənə göndərilmiş tütün sortları Lənkəran şəhərinin 3 verst qərbində əkilmiş və yaxşı məhsul vermişdir.”
Mənbələrin birində qeyd olunur ki, polkovnik Dudunski tərəfindən bölgəmizdə yetişdirilən tütün keyfiyyətinə görə 1852-ci ildə Londonda keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülmüşdü. XIX əsrin ikinci yarısında bölgəmizin 6 kəndində tütün əkilməsi haqqında məlumatlara rast gəlirik. Azərbaycanda “Samson”, “Nuxa”, “Zuvand” (Lerik-M.M.) tütün növləri, Səlyan tənbəkisi və s. becərilirdi. Bəhs olunan dövrdə tütünçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri idi. Tütün tarlalarının hər bir desyatininə sərf edilən xərc təqribən 50-75 manata bərabər idisə əldə edilən gəlir 180-200 manat idi. Əlverişli şəraitdə bu məbləğ 250-280 manata da çatırdı.
Bölgəmizdə tütünçülük təsərrüfatının inkişafı sovet dövründə yeni mərhələyə qədəm qoydu. Masallı rayonunun bir çox kəndlərində tütünçülük təsərrüfatları yaradıldı. Tütün rayonumuzun iqtisadiyyatında həmişə mühüm yer tutub. Qaynaqların birində qeyd olunur ki, ötən əsr tütün istehsalı ildən-ilə artıb, rayonun təsərrüfatları 1959-cu ildə 982 ton, 1960-cı ildə 1200 ton, 1961-ci ildə isə 1500 ton məhsul əldə etmişdilər.
Ötən əsrdə tütünçülük rayonda əsas təsərrüfat sahələrindən biri, digər təsərrüfat sahələri ilə müqayisədə daha gəlirli idi. Bu illərdə hər hektardan ən çox 30-35, ən az 18-20 sentner məhsul götürülürdü, rayonda tütünçülük sahəsində yüzlərlə işçi və mütəxəssis fəaliyyət göstərirdi.
Sovetlər dövrünün sonuna qədər rayonda tütünçülük əhalinin məşğul olduğu təsərrüfat sahələrindən biri idi.
Masallı şəhərində hələ 1981-ci ildən tütün fermentasiya kombinatı fəaliyyət göstərmişdir. 1999-cu ildə rayonda 343 hektar tütün sahəsindən 400 ton məhsul istehsal olunmuşdur. Bir müddət rayonda tütünçülük unudulmuşdur. Əsrimizin əvvəllərində bu gəlirli sahəyə fermerlər tərəfindən yenidən qayıdılmasının şahidi olduq. 2001-ci ildə rayonda 186 ton tütün tədarükü edildi, Beynəlxalq tütün ticarəti müəssisəsi yaradıldı. Masallıda və qonşu rayonlarda hər il 300 hektara qədər tütün əkildi, 170 nəfər yeni iş yeri ilə təmin olundu. Bununla yanaşı rayonda tütün tədarükü məntəqəsi də fəaliyyətini davam etdirirdi. Tütünçülüyün inkişafı üçün rayonumuzda yeni – daha perspektivli imkanlar yaranmışdır. Buna dövlətin diqqəti artmış, inkişafına zəruri olan şərait yaradılmışdır. 2016-cı ildə rayonda 15 hektar, 2017-ci ildə isə 33 hektaradək tütün əkilmiş, 32 tona qədər məhsul tədarük edilmişdir.
Ötən əsrin 40-50-ci illərində rayonumuzda tütünçülüyün inkişafına ciddi diqqət verilmiş, bu sahədə yüksək əmək məhsuldarlığı əldə olunmuşdur. Xüsusilə rayonumuzun Musakücə, Gəyəçol, Boradigah, Mollaoba, Şatıroba, Sığıncaq və digər kəndlərində tütünçülərimiz yüksək əmək nailiyyətləri əldə etmiş, bütün ölkədə tanınmışdılar. Musakücədən Durna Əbilova, Heydər Əzizov, Mican Rzayev, Böyükağa Seyfullayev, Museyib Qasımov, Gəyəçöldən Züleyxa Həsənova, Güldəstə Ağayeva, Mollaobadan Qubad Nəsirov, Şatırobadan Səriyyə Fəttayeva və başqaları tütünçülükdə SSRİ-nin əmək fəaliyyəti sahəsində ən yüksək dövlət təltifi olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər.
Ötən əsrin 70-ci illərindən başlayaraq məhz Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə kənd təsərrüfatının bütün sahələrində olduğu kimi tütünçülükdə də böyük müvəffəqiyyətlər əldə olundu.
Sovetlər birliyi tərkibində olarkən Azərbaycan tütün istehsalına görə Moldavoyadan sonra ölkədə ikinci yeri tuturdu. Respublikamızın yeddi regionunda tütün becərilirdi və hər il 50-55 min ton məhsul istehsal olunurdu. 1991-ci ildən məlum səbəblərdən digər təsərrüfat sahələri kimi tütünçülük də tənəzzülə uğradı.
Masallıda da 1990-cı ildən tütün istehsalı dayanmışdır. Həmin il rayonda 88 hektarda sahədə 104 ton quru tütün yarpağı yığılmışdır. 1995-ci ildən Masallıda fasilələrlə tütün istehsal edilib.
Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektoruna diqqətin artırılması ilə bağlı Qaxda keçirilən respublika müşavirəsində də tütün istehsalıçıları qarşısında mühüm vəzifələr qoymuşdur. Dövlət başçısı bu sahə ilə bağlı tapşırıqlar vermişdir: “2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər.
Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi, iqtisadi cəhətdən səmərəli, istehsal sahələrindən olan tütünçülüyün sürətli inkişafını təmin etmək sahəsində ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayonunda zəruri tədbirlər həyata keçirilir, dövlətin diqqət və qayğısı öz bəhrəsini verir.

Keçidlər