Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyeva - 97

28 aprel 2020 | 16:00

28 aprel akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci il dönümüdür

Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara...

Zərifə xanım 62 il ömür sürüb. Bu qısa ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir.

Zərifə xanım həyatı daim mübarizələrdə keçən Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını Vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Eyni zamanda gərgin iş və elmi fəaliyyət...

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksək ixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün vətən fəxr edir. Onların fərəhində və qürurunda özünü həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.

Keçidlər