SƏMİDXAN KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu 03.10.2012-ci il tarixdə Səmidxan ərazisində keçirilmişdir.Səmidxan ərazisi rayon mərkəzindən 2.5 km məsafədə yerləşməklə Səmidxan, II Səmidxan, Alışanlı və Ətcələr yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3300 nəfər əhalisi və 1128 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 ibtidai məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası və 1 poçt fəaliyyət göstərir. Səmidxan ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, Respublikamızda və eləcə də rayonumuzda görülən işlərdən danışmış, möhtərəm Prezidentimiz tərəfindən regionlara göstərilən yüksək diqqət və qayğını nəzərə çatdırmış, həmçinin Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd ağsaqqallarından Qafil Şirəliyev, Yolçu Məmmədov, ziyalılardan Cavanşir Ağayev, İmanqulu Məmmədov, sakinlərdən Xudakərim Əliyev, Mehrab Abbasov və başqaları çıxış edərək ərazidə I Səmidxan və II Səmidxan kəndlərinin qazlaşdırılmasını, Alışanlı kəndində daxili yollara çınqılın döşənməsini, I Səmidxan və Alışanlı kəndlərində 2500 metrə qədər su aparıcı kanalların təmizlənməsini, ərazidə 4 ədəd yararsız elektrik dirəklərinin dəyişdirilməsini, Səmidxan tam orta və Alışanlı ümumi orta məktəblərin həyətində yardımçı binaların tikilməsini və bir sıra digər işlərin görüldüyünü qeyd edərək kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra sakinlər ərazidə istirahət parkının tikilməsinə, ərazinin Ətcələr və Alışanlı kəndlərinin qazlaşdırılmasına, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, ərazinin 7,5 km uzunluğunda olan mərkəzi yolunun əsaslı təmir olunmasına və su aparıcı kanalların təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş və müvafiq köməklik göstəriləcəyini vurğulamışdır.