Zərdabi Mətbuat Mərkəzi “KredAqro” ilə birgə Masallıda Dəyirmi masa keçirib
18 aprel 2014-cü il tarixdə Zərdabi Mətbuat Mərkəzi “KredAqro” Bank Olmayan Kredit Təşkilatı ilə birgə “Bank-kredit sektoru-debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində ilk Dəyirmi masasını Masallıda keçirib.
Tədbirdə Masallı RİH-nin başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev bildirib ki, bölgədə belə formatda ilk tədbirdir. O, rayonda 14 bank filialının, 60 qeyri-hökumət təşkilatının, ölkədə əksər tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirlərinin və bir sıra müstəqil mətbu orqanların fəaliyyət göstərdiyini, sahibkarlığın inkişafına diqqət yetirdiyini vurğulayaraq fikir mübadiləsinin hər üç cinah üçün faydalı olacağını söyləyib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə çıxışında əvvəlcə qurumun “KredAqro” BOKT ilə iki illik əməkdaşlığının davamını şərtləndirən cəhətlərə toxunulub: “2012-ci ildəki əməkdaşlığımız bank-kredit sektorunun zəif işıqlandırılması tendensiyasının aradan qaldırılması məqsədini güdüb. Buna nail olduq. İlin 9 ayını əhatə edən monitorinqə cəlb olunan 31 KİV-də 4210, yəni 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox material verilib. Bakıdakı yekun tədbirimizdə ilboyu daha aktivlik göstərən “Həftə içi”, “Mövqe” və “Zerkalo” qəzetlər, “APA”, “Trend”, və “AzərTAc” isə informasiya agentlikləri arasında ilk üç yeri tutduqlarına görə mükafatlandırılıblar. 10 jurnalistə isə həmkarları arasında fərqləndiklərinə görə diplom və pul təqdim olunub”.
“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçılara əvvəlcə təmsil etdiyi qurum barədə məlumat verib. O deyib ki, “KredAqro” BOKT Azərbaycanın bank-kredit sektorunun nüfuzlu təmsilçilərindəndir. Təşkilat “Consulting & Business” kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2012-ci illərin “Bank olmayan kredit təşkilatı” nominasiyasının qalibi kimi “İlin şirkəti” mükafatına, ötən il isə Parisdə “Business İnitiative Directions” (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti “WQC AWARD” mükafatının “Qızıl” kateqoriyasına layiq görülüb”.
O, mediada mövzu ilə bağlı artım tempinin son iki ayda saxlanılmasını layihənin uğuru kimi dəyərləndirib: “Həmin müddətdə qəzetlərdə 844, informasiya agentliklərində isə 950 belə material təqdim edilib. Bu da 2013-cu ilin müvafiq dövrü ilə müqayisədə 242 material çoxdur”.
Həsənağa Əliyev jurnalist həmkarları adından bildirib ki, fəaliyyət göstərdikləri bölgə mətbuatında bank-kredit sektoru demək olar unudulub. “Bu tədbir heç şübhəsiz dönüş yaranmasına stimul verəcək. Onda debitorları da unutmayacağıq. Bununla belə bu üçlük arasında əlaqələrin tənzimlənməsinə ciddi ehtiyac var”.
“KredAqro” BOKT-nin Masallı filialının rəhbəri Fərahim Zalıyev yerlərdə medianın mövzunun aktiv işıqlandırmasının sektorda sağlam rəqabətə yol açdığından, tərəflərin vəzifələri, öhdəlikləri və digər məsələlər barədə yazıların maarifçilik missiyasında mühüm əhəmiyyət daşıdığından söhbət açıb.
“Yeni həyat” kənd təsərrüfat müəssisəsinin rəhbəri Fərhad Həsənov “KredAqro”-dan 4 dəfə kredit götürdüyü, təsərrüfatının necə inkişaf etdirdiyi barədə ətraflı məlumat verib.