Ucqar dağ kəndində ilk dəfə çiyələk plantasiyası salınıb
Respublikanın hər yerində olduğu kimi Masallıda da torpaq mülkiyyətçiləri aqrar sektorun inkişaf etməsi üçün öz töhfələrini verməyə çalışırlar. Dövlətimizin, rayon rəhbərliyinin qayğısını hər an hiss edən təsərrüfatçılar əkin sahələrini ildən-ilə genişləndirirlər.
Bu il rayonun ucqar dağ kəndi olan Güllütəpədə ilk dəfə olaraq çiyələk yetişdirilir.
Təsərrüfat rəhbəri Sarxan Nəzərov deyir ki, birinci ildir ki, 4 hektar sahədə çiyələk becərmək qərarına gəlmişik. Hazırda plantasiyada 25 nəfərə yaxın işçi çalışır. Yüksək məhsuldarlıqdan ötrü becərmə texnologiyası gözlənilir, əkin sahəsində işlər ilboyu aparılır.
Bu mövsümdə bol nübar məhsulunu əldə edəcəklərinə əmin olduqlarını bildirən təsərrüfatçılar gələcəkdə əkin sahəsini daha da genişləndirməyi planlaşdırırlar.