XIL KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 23.04.2014-cü il tarixdə Xıl ərazisində keçirilmişdir. Xıl ərazisi təkcə Xıl yaşayış məntəqəsini əhatə edir. Ərazinin 4460 nəfər əhalisi və 1471 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Xıl ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Mirzəbala Məmmədov, Yaşar Salmanov, kənd ziyalılarından Səadət Əliyev, Aybəniz Qafarova, kənd sakinlərindən Möhübbət İbadov, Əhmədağa Zamanov və başqaları çıxış edərək ərazi nümayəndəliyinin binasının əsaslı təmir edilməsinə, ərazisinin abadlaşdırılmasına, artezian quyusunun qazılıb istifadəyə verilməsinə, kəndin daxili yollarına çınqıl tökülərək hamarlanmasına, ərazidə yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinə və ərazidə istirahət mərkəzlərinin tikilməsinə görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər əraziyə təbii qaz xəttinin çəkilməsinə, kəndin mərkəzi yolunun asfaltlanmasına, su aparıcı kanalların təmizlənməsinə, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və ərazi uşaq bağçası-körpələr evinin tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.