Masallıda bələdiyyələrin fəaliyyəti ilə bağlı regional seminar keçirilmişdir
Aprelin 24-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq “ və “Bələdiyyələrin fəaliyyətində xarakterik problemlər və onların həlli yolları” mövzusunda regional seminar keçirilmişdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Lənkəran regional ədliyyə şöbəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, müvafiq strukturlarının nümayəndələri, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Lənkəran rayonlarının bələdiyyə sədirləri və bələdiyyə qulluqçuları iştirak etmişlər.
Təlim məşğələsində çıxış edən Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Fazil Məmmədov bələdiyyələrin işinin təşkili ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən, Respublikamızın sosial-iqtisadı inkişaf prosesində bələdiyyələrin inkişafından, onlara göstərilən dövlət dəstəyindən, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”nda və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasından, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasının zəruriliyindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, bələdiyyələr fəaliyyətlərində şəffaflığı təmin etməli, mütəmadi olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat verməlidirlər.
Prezident İlham Əliyevin son çıxışında bütün idarəetmə orqanlarının rəhbərlərinə fəaliyyətlərində şəffaflığın təmin olunması, qanunsuzluqlara qarşı tədbirlərin görülməsi, məmurların etik davranış qaydalarına riayət etməsi məsələlərinə toxunması barədə veridi tapşırıq və göstərişlər bütün idarəetmə orqanları kimi, bələdiyyələrin vəzifəli şəxslərinin və nümayəndələrinin işlərinə daha da məsuliyyətlə yanaşmağı, vətəndaşlarla münasibətdə diqqətli olmağı, onlara qayğı ilə yanaşmağı tələb edir.
Çıxışlarda bələdiyyə mülkiyyətinin idarə olunmasında büdcə məsələləri ilə bağlı maliyyə vəsaitlərinin səmərəli, qərarlaşmış istiqamətlərə uygun xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırımlısının vacibliyi vurğulanmış və bunun bələdiyyələrinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirməsinə və əhali qarşısında nüfuzunun artmasına kömək edəcəyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, qanunçuluğa əməl etmək, yerli əhalinin üzləşdiyi sosial problemlərin həlli üçün bütün imkanlardan istifadə etmək və mütəmadi olaraq seçicilər qarşısında hesabat vermək bələdiyyələrin başlıca vəzifəsidir.
Təlim məşğələsində çıxış edənlər mövzuyla bağlı təkliflərini bildirmişlər.
Tədbirin sonunda bələdiyyə üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.