Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

14 may 2020 | 16:00

Dilbər xaladan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Əziz Prezidentimiz.
Dünyanı bürüyən koronavirus bəlasından dövlətimizin və xalqımızın az itkilərə çıxması üçün verdiyiniz bütün qərarları biz məcburi köçkünlər də dəstəkləyir, tətbiq olunan qaydalara əməl edirik.
Cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin bu ümumbəşəri bəlaya qarşı qısa müddət ərzində gördüyünüz tədbirlər onu göstərdi ki, Azərbaycan dövləti həmişə xalqın yanındadır. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”, xalqımız isə deyir ki, “Biz Sizinlə güclüyük!”.
Bu qorxunc virusla mübarizə aparmaq üçün gərgin iş rejimində çalışan Prezidentimizi, həkimlərimizi və əməyi keçən digər vətəndaşlarımızı Allah qorusun. Allahın köməyi, Sizin qətiyyətiniz və iradəniz, həmçinin xalqımızın karantin qaydalarına əməl etməsi ilə, inşallah, bu bəladan tezliklə qurtulacağıq. Mən bütün məcburi köçkünləri və xalqımızı karantin rejiminin tələblərində ciddi əməl etməyə çağırıram. Evdə qalaq, sağlam olaq. Bu çağırışa əməl etsək, dövlətimizə daha çox kömək etmiş olarıq.
Cənab Prezident, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

Hörmətlə,
Dilbər xala.
Azərbaycan Respublikası, Masallı rayonu.

___________________________________________________________


Abusət Zeynalovdan, Masallı, Azərbaycan
13 may 2020  president.az

Hörmətli cənab Prezident.
Ölkəmiz Sizin tərəfinizdən həyata keçirilən uzaqgörən siyasət nəticəsində regionun ən güclü dövləti kimi tanınır. Azərbaycan müxtəlif sahələrdə qazandığı uğurlarla öz qüdrətini dünyaya tanıdıb. Bu gün bəşəriyyətin qlobal probleminə çevrilən, bütün dünya ölkələrini cənginə alan koronavirus pandemiyası demək olar ki, əksər ölkələr üçün qarşısıalınmaz təhlükə mənbəyidir. Ölkəmizdə isə Sizin tərəfinizdən vaxtında müdrik addımların atılması biz vətəndaşları böyük bir bəladan xilas etməkdədir. Xalqımız hər zaman Sizin qayğınızı və diqqətinizi öz üzərində hiss edir. Xüsusən də, bu çətin dövrdə Sizin tərəfinizdən bizlərə çox böyük qayğı göstərildi. İmkansız ailələrə yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, kiçik sahibkarlara dəstək göstərilməsi ilə bağlı qərarlarınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə güvənimiz sonsuzdur. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,
Zeynalov Abusət İsaq oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.

Keçidlər