Şriftin ölçüsü :

Saytın rəngi :

Tikintiyə və istismara icazə

27 may 2020 | 16:00

Bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazə ilə bağlı “Bir pəncərə” elektron müraciət prinsipindən istifadə olunması barədə

         Azərbaycan Respublikasında biznes mühitinin institusional əsaslarının daha da gücləndirilməsi, xüsusilə azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar həyata keçirilməkdədir. Bu islahatlar çərçivəsində tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə son dövrlərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncam və Fərmanları ilə Şəhərsalma və Tikinti Məcəlləsində bir sıra dəyişikliklər edilmiş, tikintiyə icazə alma mexanizmi sadələşdirilmiş və müraciətlərə baxılma müddətləri qısaldılmışdır.
        Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi” Qaydası müəyyən edilmişdir. Bu qaydalar Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Komitə və rayon İcra hakimiyyəti tərəfindən tikintiyə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir.
        Respublikamızda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə təsdiq edilmiş “İcra və Kommunikasiya Planları” çərçivəsində tikintiyə icazələrin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üçün 2019-cu ildə “Bir pəncərə” elektron müraciət sistemi hazırlanaraq istifadəyə verilmişdir.
       Bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazə ilə bağlı elektron müraciət sistemindən istifadə edilməsi məmur-vətəndaş münasibətlərində şəffaflığın artırılmasını, tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmağı, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
       Məlumat üçün bildiririk ki, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.12.2018-ci il tarixli 460 nömrəli Fərmanının icrası ilə əlaqədar “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi” mövzusunda 28.10.2019-cu il tarixdə Komitədə keçirilmiş tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri iştirak etmiş, rayon ərazisində “Bir pəncərə” elektron müraciət sisteminin yaradılmasından ötrü aparatın əlaqələndirici şəxsləri elektron imza ilə təmin edilərək sistemdə qeydiyyatdan keçmişlər.
        Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinin “birpencere.arxkom.gov.az” saytına daxil olub şəxsi kabinet yaradaraq “tikintiyə icazə” və ya “istismara icazə” bölmələrində müvafiq xanaları doldurmaqla tikintiyə və istismara icazə sənədini əldə etmək üçün “Bir pəncərə” elektron müraciət formasından istifadə etməyi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə tövsiyyə edirik.

Keçidlər