Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsərinin oxucuları ilə ictimai müzakirə və elmi-praktiki konfransı keçirilmişdir

29 aprel 2014 | 15:00

28 aprel 2014-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü ərəfəsində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsərinin oxucuları ilə ictimai müzakirə və elmi-praktiki konfransı keçirilmişdir.

            Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış və bildirmişdir ki, yazıçılıq sənəti çox çətin sahədir. Dünyada çox gözəl əsərlər yaranmış, Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsəri də bu səpkidəndir. Qeyd etmək istərdim ki, tanınmış yazıçı Azərbaycan Milli Məclisinin Deputatı və həmyerlimiz Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinlikləri dəf etməklə belə böyük bir əsəri ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır.

            Konfransda Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirqabil Hüseynov, Veteran Dövlət qulluqçusu, təqaüdçü, Vətənə Xidmətə Görə III dərəcəli orden təltifçisi Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı rayon Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev, ziyalı xanım Hakimə Əzimova, Azərbaycan Respublikasının “Əməkdar müəllimi” Musarza Mirzəyev, Boradigah qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayev, Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva və başqaları çıxış edərək əsər barədə fikirlərini bölüşərək Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinə dəyər verərək bildirmişdirlər ki, gənc və yaşlı nəslin maariflənməsində böyük rolu vardır.

            Sonra “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli romanının müəllifi Elmira Axundova kitabın yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və ziyalılara öz minnətdarlığını bildirmişdir. Müəllif çıxışının sonunda qeyd etmişdir: “Mən ömrümün qalan hissəsini də Heydər Əliyev obrazını yaratmağa çalışacağam...”

Tədbirin sonunda Masallı  Rayon Ziyalılar Cəmiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Mükafatları Komissiyasına müraciəti qəbul olundu.

Keçidlər