Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar məsuliyyətlərini artırmalıdırlar..

05 iyun 2020 | 16:00

2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə də yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb və görülməkdədir.
Karantin rejimi ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Görülmüş bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Koronavirusun qarşısının alınması məqsədilə Masallı rayonunda mühüm tədbirlər həyata keçirilmiş, ölkə başçısının və Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət olunmuşdur. Bunun nəticəsidir ki, 227 mindən artıq əhalisi olan Masallıda koronavirus xəstələrinin sayı digər rayonlara nisbətən əhəmiyyətli dərəcədə aşağıdır. Karantin rejiminin yumşaldılmasından sonra əhali arasında maarifləndirmə işinin aparılması nəticəsində Masallıda xəstəliyin kütləvi şəkildə artması müşahidə olunmasa da bəzi vətəndaşların səhlənkarlığına görə infeksiyalı xəstələrin sayında müəyyən qədər artım olmuşdur. Xüsusi karantin rejiminin yumşaldılmasına qədər Masallıdan olan ümumi koronavirus xəstələrinin sayı 20 nəfər olduğu halda, yumşaldılma zamanı, yəni  4 may 2020-ci il tarixdən hal-hazıradək 34 nəfər Masallı sakinində koronavirus infeksiyası aşkar olunmuşdur.

Rayon rəhbərliyi vətəndaşların sağlamlığının qorunması, koronavirusun kütləvi şəkildə yayılmaması, sərtləşdirilmə tədbirlərinin Masallı rayonuna da şamil edilməməsi üçün ölkə Prezidenti cənab  İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasını, sosial məsafənin saxlamasını, qoruyucu maska və tibbi spirtdən istifadə edilməsini rayon əhalisinin bir daha nəzərinə çatdırır. Rayon əhalisinə ölkə ərazisində infeksiyanın geniş yayılmasına qarşı görülən tədbirlərə dəstək olaraq zəruri tələbatlarını əvvəlcədən təmin edib şənbə və bazar günləri zərurət yaranmadığı halda maksimum dərəcədə evdə qalmaları tövsiyə olunur.
 
Bu gün hər bir rayon sakini cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər rayonun Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir.

Keçidlər