Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı növbəti onlayn müşavirə keçirildi
23 iyun 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 420 nəfərdən çox fəal iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 21 iyun tarixindən 5 iyul tarixinə qədər sərt karantin rejimi elan olunmasını və Masallının xüsusi karantin rejimdə olan rayonlar siyahısında olmasını videomüşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Rayon rəhbəri Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yexlax, Cəlilabad, Abşeron rayonu kimi Masallı rayonunda da insanlar SMS, xüsusi xəbərdarlıq, icazələr əsasında zərurət yarandığı halda evlərindən çıxa biləcəyini, son günlər yas mərasimlərinin keçirilməsi ilə bağlı pozuntuların müşahidə olunduğunu bildirən icra başçısı ayrı-ayrı məscidlərdə insan vəfat edərkən azan verilməsinin düzgün olmadığığını qeyd edib. Dəfn mərasimi və yas məclisi on nəfərdən çox olmamaq şərtilə keçirilməli olduğunu vurğulayan icra başçısı bu qaydaların daha çox Masallı şəhər, Ərkivan qəsəbə, Bədəlan, Mahmudavar, Təzə Alvadı, Çaxırlı, Təklə, Şərəfə, Qarğalıq, Göyəçöl, Şıxlar, Təzəkənd, Kolatan və Könhə Alvadı kəndlərindəki məscidlərdə pozulduğunu bildirdi. Karantin dövründə əhali arasında 20 min maska, spirt və əlcək paylandığını qeyd edən İcra başçısı fəalların gücündən istifadə edərək təbliğatın geniş şəkildə aparmasını, hər bir ərazidə 3-5 nəfərdən ibarət mobil qrupların yaradılmasının vacibliyini diqqətə çatdırdı.
Masallı rayon Prokuroru əvəzi İlham Səlimov, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildirdilər.
Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verdi. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirdi ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
Videomüşavirədə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Eminli kənd məscidinin dini icma sədri Rəbbi Kərimov, Təzə Alvadı kənd məscidinin dini icma sədri Ağamirzə Alışov, Hacıtəpə kənd məscidinin dini icma sədri Nəcəfqulu Quliyev pandemiya dövründə məscidlərdə yalnız dəfn mərasimlərinin keçirilməsi zamanı 10 nəfərdən az olmaqla, eyni zamanda sosial məsafəni gözləməklə mərasimi başa çatdırmaq, dəfndən başqa heç bir mərasimdə iştirak etməməyin məqsədəmüvafiq olduğunu vurğulamışlar. Bəzi hüzr sahibləri həyətlərində çadır qurmaq və ya evlərdə toplantı halında belə məclisləri təşkil etməyə cəhd etmişlər. Belə hallar Qodman, Təzə Alvadı, Təzəkənd və s. ərazilərdə aşkarlanmışdır.
Evlərdə qadınlardan ibarət məclislərin keçirilməsi müşahidə edilir. Hazırda belə məclislərin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.
SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Milli Ordumuz bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir, bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır. Prezidentin 11 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmasına başlanmışdır. Pandemiya dövrünə baxmayaraq Masallı rayonunda da çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm işlər davam etdirilir və nəticələr əldə edilir.
Videomüşavirədə kənd təsərrüfatı işlərinin gedişi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, və s. də müzakirə edildi.
Rayon rəhbərinin tapşırığına əsasən Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev çay plantasiyalarının və çəltik əkinlərinin suvarılması vəziyyəti haqqında danışmışdır.
Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının Peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Rayon rəhbəri dövlət qulluqçularını təbrik etmiş, hər bir dövlət qulluqçusuna xalqa layiqli xidmət etmək işində uğurlar arzulamışdır. Ş.Məmmədov qeyd etmişdir ki, iyunun 23-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Masallı rayon İcra hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ramazan oğlu Ağayev də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Sonda dövlət qulluğunda fərqlənən bir qrup şəxsə Masallı rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı oxunmuşdur.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verdi.