Masallıda “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda onlayn müşavirə
11 iyul 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51 illiyi ilə əlaqədar “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda onlayn müşavirə keçirilmişdir.
Onlayn müşavirəni giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış və bildirmişdir ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.
Seyfəddin Əliyev çıxışında qeyd etmişdir ki, o zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə 1-ci dəfə hakimiyyətə gəlişindən sora müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadırların hazırlanması prosesi geniş vüsət almışdır.Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılmışdır. Təsadüfü deyildir ki, C.Naxçıvanski adına Hərbi məktəb Azərbaycan Müstəqilliyini bərpa edəndən sonra ordu quruculuqunda əsas bazalardan birinə çevrilmişdir.
Sonra Seyfəddin Əliyev bildirmişdir ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi iyulun 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik.Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində də koronaviru epidemiyasına qarşı atılan ardıcıl addımlırdan, görülən işlərdən, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu və həmçinin beynəlxalq aləmdə ölkəmizin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu bildirdi.
O, qeyd etmişdir ki, rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılması məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 80 nəfərdən ibarət 20 mobil qrup yaradılmışıdır və maarifləndirmə işi bu gün də davam etdirilməkdədir.
Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, Seyfəddin Əliyev vurğulamışdır.
YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev çıxış edərək Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirmişdir. O, qeyd etmişdir ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
Sonra Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Nailə Əsədullayeva, gənc fəal Könül Qənbərova və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.