Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq ailə günü münasibətilə “Ailə və cəmiyyət” mövzuunda tədbir

15 may 2014 | 15:00

14 may 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Beynəlxalq Ailə günü münasibəti ilə “Ailə və cəmiyyət” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova açaraq bildirmişdir ki, bu görüşün keçirilməsində əsas məqsəd ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, sağlam həyat tərzinin təbliği, əhalinin hüquqi düşüncəsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılması istiqamətində təbliğatın aparılmasıdır. “Ailə dəyərlərinin qorunması, yaşlılara qayğı, valideyn məsuliyyəti Azərbaycan ailələrinə məxsus xüsusiyyətlərdir. Bu gün dünyada ailələrdə doğum faizinin azalması, ailəsiz uşaqların sayının artması hallarına baxmayaraq, respublikamız bu sahədə müsbət mənada fərqlənir. Cəmiyyətimizdə qadının və ailənin daim artan nüfuzu müsbət təsirini göstərir”.

G.Xəlilova qeyd etmişdir ki, ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rolu, eyni zamanda, dahi mütəfəkkirlər, sosioloqlar da təsdiqləyiblər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailəni altqurum hesab edirlər.

G.Xəlilova  Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək bildirmişdir ki, uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipidir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur.

Tədbirdə iştirak edən Gülnaz Talıbova, Rahilə Əhədova,  Aytən Şükürova, Naibə Aslanova və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qadınların cəmiyyətdə rolunun artdığını bildirərək, kiçik dövlət olan ailə cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Tədbirdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması, ailədaxili münasibətlərin iş prosesinə təsiri və digər mövzularda müzakirələr aparılmışdır.

Keçidlər