Masallı RİH başçısı vətəndaşların növbəti virtual qəbulunu keçirib
17 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Qarğalıq (Kürdəbaz) kənd sakini Gülüstan Abı qızı Xəlilova elektrik dirəklərinin qəzalı olması, Masallı şəhər sakinləri — Samirə Hacıbala qızı Ağayeva həyətyanı torpaqla təmin olunması və Gülhüseyn Əlihüseyn oğlu Tahirov maddi yardımla təmin olunması, Xırmandalı (Hacıtəpə) kənd sakini Vəsilə Alişan qızı Kərimova nəvəsinin xəstə olması və qızının aliment ala bilməməsi məsələsi, Xırmandalı kənd sakinləri — Əlcavad Kəlbəhüseyn oğlu Abasov maddi yardımla və Səmilə Ağadədə qızı İbayeva işlə və maddi yardımla təmin olunması, Güllütəpə (Köhnə Zuvand) kənd sakini Tofiq Əmənulla oğlu Bəşirov su xəttinə qoşulmasına maneçilik olunması, Çaxırlı kənd sakini Cavanşir Məmməd oğlu Nəbiyev ailə münaqişəsi zəmnində olan narazılıqla bağlı, Viləş kənd sakini Simuzər Azər qızı Hüseynova xəstəliklə bağlı qəbul olunması, Qəriblər (İsi) kənd sakini Gülşad Ağalar qızı Paşayeva qonşusunun ona məxsus torpağında ev tikməsi, Təzəkənd kənd sakini Valeh Sultan oğlu Nəbiyev qaz borusunun üstündə «Ovçular maqazası»nın qanunsuz fəaliyyəti və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı RİH başçısı Ş.Məmmədov vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.