“Azəriqaz” əsgər ailəsinin təbii qaza olan borcunu ödəyib
“Azəriqaz” İstehsalat Birliyi əsgər ailəsinin təbii qazdan istifadəyə görə yaranan borcunu ödəyib.
Bildirilib ki, Masallı rayonunun Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin təbii qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alan kimi məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Belə ki, məlumat daxil olan anda Lənkəran Regional Qaz İstismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi birlik tərəfindən qarşılanıb və hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.
“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim birliyin diqqətindədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq.