Masallıda “Əsgərə salam!” aksiyası keçirilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərin Nizami Gəncəvi adına parkında bir qrup gənc rayonda tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət etməklə “Əsgərə salam!” aksiyası keçirib.
Aksiya Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə dəstək məqsədilə təşkil olunub.
Aksiya iştirakçıları qeyd ediblər ki, bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasında yer alır. Şübhəsiz ki, ordumuzun əsasını gənclər təşkil edir. Buna görə də, gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir.
Diqqətə çatdırılıb ki, gənclərin Vətənə və dövlətə sədaqət, ölkəmizin ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın çağırışına cavab olaraq Masallı rayonunun gəncləri də könüllü olaraq ordu sıralarına yazılırlar.