QƏRİBLƏR KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 29.11.2012-ci il tarixdə Qəriblər ərazisində keçirilmişdir. Qəriblər ərazisi Qəriblər, Şıxlar, İsi və Dəmbəlov yaşayış məntəqələrini əhatə edir. Ərazinin 2566 nəfər əhalisi və 443 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb,1 ümumi orta məktəb, 1 ibtidai məktəb, 1 həkim məntəqəsi, 1 kənd klubu, 3 kənd məscidi, 1 xidmət obyekti, 35 turizm istirahət mərkəzi, 1 sanatoriya, 1 şadlıq sarayı, 1 su dəryaçası, 1 poçt və 1 ATS fəaliyyət göstərir.
Qəriblər ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ziyalılarından İmamyarov Xudayar, Əliyev Şərafət ağsaqqallardan Ağayev Əlimusa, Məlikov Qüvvət kənd sakinlərdən Əliyev Bəxtiyar, Əliyev Emin və başqaları ərazidə 16 ədəd elektrik dirəyinin dəyişdirilməsinə, Şıxlar kəndində idman meydançasının qurulmasına, 300 metr asfalt, 400 metr isə çınqıl örtüyünün döşənməsinə, Qəriblər kənd tam orta məktəbinin idman zalının təmir edilməsinə və məktəbə gedən yolda 100 metr məsafəyə çınqıl döşənməsinə, Qəriblər kəndində Şadlıq evi və məişət evinin tikilməsinə, 3000 metr su aparıcı kanalın təmizlənməsinə, Viləş Hotelinin və Cənnət Bağı istirahət parkının tikilərək istifadəyə verilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər ərazinin yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Şıxlar kəndinə qaz xəttinin çəkilməsinə, ərazi nümayəndəliyinə inzibati binanın tikilməsinə, Qəriblər kənd tam orta məktəbi və Şıxlar kənd ümumi orta məktəbinin əsaslı təmir edilməsinə, hüzr və digər mərasimlərin keçirilməsinə şərait yaradılması üçün köməklik göstərilməsini xahiş etmişlər.
Tədbirdə Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak və çıxış etmişdir.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.