“Şəfəq” Ekoturizm İctimai Birliyi Masallıda
“Şəfəq” Ekoturizm İctimai Birliyi Masallı rayonunda 4 günlük “Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda təlim-təcrübə proqramını həyata keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Region gənclərinin turizm sahəsində bacarıqlarının artırılmasına dəstək" layihəsi çərçivəsində reallaşmışdır.
Layihənin məqsədi gənclər arasından turizm sənayesi üçün bacarıqlı bələdçilər hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, ölkə haqqında bələdçilər vasitəsilə yüksək imic formalaşdırmaqdır.
Təlim-təcrübə proqramında xüsusi ərizə forması ilə seçilmiş respublikamızın 15 rayonunu təmsil edən 18 nəfər gənc iştirak etmişdir.
Tədbirin açılışında “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev layihə haqqında iştirakçılara ətraflı məlumat vermişdir. O, layihənin gənclər üçün əhəmiyyətindən, eləcə də turizmin inkişafında rolundan danışmışdır. İctimai Birliyinin sədri həm də Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndləri haqqında da iştirakçılara məlumat vermişdir.
Digər çıxış edənlər də ölkəmizdə turizmin dinamik şəkildə inkişaf etdiyi indiki məqamda layihənin əhəmiyyətini vurğulamışlar.
Təlimçilərdən Səbinə İsmayıllı və Südabə Babazadə tərəfindən iştirakçılara turizm anlayışı və səyahət, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, turizmin sahələri və tipləri, turizmin inkişafında qarşıya çıxan problemlər, Azərbaycanda turizm və yardımçı sektorlar, turizmin fəsadları və onun qarşısının alınması yolları, bələdçinin şəxsiyyəti, turizm və mədəniyyət obyektləri, bələdçilik fəaliyyəti, bələdçilik və ekskursiya, bələdçinin maddi və mənəvi hazırlığı, bələdçi-turist münasibətləri və digər mövzularda məlumat verilmiş, müzakirələr aparılmış və qrup işləri təşkil olunmuşdur.
Təlimin sonuncu günündə iştirakçılar üçün Masallı rayonunda yerləşən Hışkədərə muzeyinə və Masallı rayonundakı Yanardağ ərazisindəki İstisu bulağına təcrübə xarakterli ekskursiya təşkil olunmuşdur.
Yekunda təlimi uğurla başa vurmuş iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunmuşdur