Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Səfəralı Məmmədova həsr olunmuş “Qəhrəman polis” sənədli filminin təqdimatı

24 may 2014 | 15:00

23 may 2014-cü ildə Masallı Rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman Səfəralı Məmmədova həsr olunmuş “Qəhrəman polis” sənədli filminin təqdimatı olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmış filmin təqdimat mərasimində rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, Masallı şəhərindəki tam orta məktəblərinin X-XI sinif şagirdləri iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Masallı rayonunun Sərçuvar kəndində anadan olmuş, polis kapitanı Məmmədov Səfəralı Qurban oğlunun Qarabağ müharibəsində göstərdiyi igidlikdən və qəhrəmanlığından bəhs edən sənədli film “Yaddaş” studiyasında lentə alınmışdır.
Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədovdur.
Tədbir iştirakçıları əvvəlcə sənədli filmə tamaşa etmişlər.
Filmdə Milli Qəhrəman Səfəralı Məmmədovun Qarabağ müharibəsində keçdiyi döyüş yolu, göstərdiyi igidlikdən ətraflı söhbət açılmış, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon sakinləri onunla bağlı xatirələrdən danışmışlar.
Rayon icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev Milli Qəhrəmanın ömür yolu barədə məlumat vermişdir.
Qeyd olumuşdur ki, 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuş Səfəralı Məmmədov 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Krasnovodsk şəhərində milis sistemində işə daxil olur.Təhsilini Bakı Xüsusi Orta Milis məktəbində davam etdirən S. Məmmədov 1990-cı ildə həmin məktəbi bitirərək leytenant rütbəsini almışdır. Səfalı Məmmədova Bakı Hava Limanında iş təklif edilsə də o, Qarabağ müharibəsində iştirak etməyə üstünlük vermişdir.
Ağdam rayonunda tağım komandiri kimi döyüşlərdə iştirak edən S. Məmmədovun son döyüşü 1992-ci il fevralın 16-da olmuşdur. Azğınlaşmış erməni işğalçılarının Xocavənd rayonunun Qaradağlı kəndinə hücum zamanı insanları vəhşicəsinə qətlə yetirirdilər.
Səfəralı Məmmədovun başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi. Onun idarə etdiyi maşın qumbaraatan maşınla vurulmuş və igid döyüşçü faciəli şəkildə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il rarixli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Milli Qəhrəman Səfəralı Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn olunmuşdur. Masallı şəhərində küçələrdən biri, igid döyüşçünün təhsil aldığı məktəbə Səfalı Məmmədovun adı verilmiş, məktəbin həyətində büstü ucaldılmışdır. Şair Qəni Bəxtəvər igid qərəmana həsr etdiyi “Sərçuvarın qartalı” kitabı nəşr olunmuşdur.
Mərəsimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açaraq sənədli filmin bədii məziyyətlərini yüksək qiymətləndirmiş, yaradıcı kollektivə uğurlar arzulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin kinomatoqrafiya şöbəsi kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almas Sultanzadə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən artıq 24 sənədli film çəkilmişdir. Bu seriyadan olan sənədli filmin ilk dəqdimatı Masallı şəhərində keçirilir.
Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov iki ay müddətində ərsəyə gələn filmin çəkilişində əməyi olan bütün insanlara minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Nəriman İmanov, Qarabağ veteranları şurasının sədri Nahid Rəhimov, Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mirqabil Hüseynov Milli Qəhrəman Səfəralı Məmmədovun Qarabağ müharibəsində göstəriyi igidlikdən danışmış, önun ömür yolunun gənclərə, polis işçilərinə örnək olduğunu diqqətə çatdırmışlar.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər