Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TURİZM SƏRGİSİ

25 may 2014 | 15:00

24 may 2014-cü il tarixdə Masallıda “Viləş” otelində turizm sərgisi təşkil olunub.

  Sərgidə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri rayonda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri iştirak ediblər. Sərgiyə gələn qonaqlar əvvəlcə turizm obyektlərinin təşkil etdiyi sərgiyə baxış keçirərək təqdim etdikləri təamlardan dadaraq istirahət mərkəzlərinin xidmətlərini nəzərdən keçiriblər.

  Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar və rayonun istehsalı olan kənd təsərrüfatı məsulları təqdim olunub.

  Sərgini Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov açaraq tədbir iştirakçılarını salamlamış, yeni turizm mövsümünün açılması ilə əlaqədar obyekt sahiblərini təbrik etmişdir.

Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək qonaqları salamlamış və turizm mövsümünün başlanması ilə əlaqədar iştirakçıları təbrik etmişdir. Natiq çıxışında rayona gələn turistlərin son illərdə sayının artmasını bildirərək vurğulamışdır ki, bütün bunlara baxmayaraq biz bununla kifayətlənməməliyik. Turizm obyektlərinin xidmət səviyyəsini artırmaq istiqamətində daha böyük işlərin aparılmasını və rayonda açılacaq turizm kolleci barədə fikirlərini bölüşən rayon rəhbəri kollecin açılmasını gələcəkdə xidmət səviyyəsi istiqamətində daha da güclü kadrların hazırlanmasına zəmin yaradacağını qeyd etmişdir.    

Tədbirin gedişində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Bakı şəhərində keçiriləcək turizm sərgisində Masallı rayonunu təmsil edəcək turizm obyektləri olan “Baba bulağı” istirahət mərkəzi və “İstisu” sanatoriyasının rəhbərlərinə sertifikatları təqdim etmişdir.

Sonda “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov və “Viləş” otelin direktoru Səbinə İsmayıllı çıxış edərək rayonumuzda turizmin inkişafı istiqamətində şəraitin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər.

Turizm mövsümünün açılışı və sərgi, yerli incəsənət xadimlərinin ifaları və musiqi proqramı ilə davam etmişdir.

Keçidlər