Azərbaycan Dövlət Musiqili Teatr Masallıda “Hərənin öz ulduzu” tamaşasını təqdim etdi
21 may 2014-cü il tarixdə Azərbaycan Dövlət Musiqili Teatrı Masallıda səfərdə olmuşdur.
Yaradıcı kollektiv Masallı rayonunda Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasını təqdim etmişdir. Əsas rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynamışlar.
Teatrın baş inzibatçısı Sücəddin Şadıyev qastrol səfəri ilə bağlı bildirmişdir ki, kollektivin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Xüsusən müəllimlər, yuxarı sinif şagirdləri, ziyalılar belə tamaşaların mütəmadi olmasını arzulamışlar.
Əməkdar Artist Novruz Qartal tamaşaçıların marağından böyük məmnunluq hissi duyduğunu, insanların həqiqətən də gülüşə, teatra ehtiyacının olduğunu söyləmişdir. O, belə tamaşaların əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bunun nəticəsində həm teatra axın artar, həm də tamaşaçılar sevdikləri aktyorları yaxından görmək imkanı qazanarlar.
Aktrisa Gülcahan Salamova da Masallı ilə bağlı xoş təəssüratlarını bölüşərək insanların üzündə təbəssüm yarada bildiklərinə görə özlərini xoşbəxt saydıqlarını demişdir.
Teatr rəhbərliyi isə öz növbəsində qastrolun yüksək səviyyədə təşkilində əməyi olanlara minnətdarlığını bildirmişdir.