Masallıda əkin sahələrinin su ehtiyatı yaxşılaşdırılır
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına 2 nömrəli Əlavədə nəzərdə tutulmuş Viləşçay su hövzəsinin həcmi 132 milyon kubmetrə çatdırılacağı nəzərdə tutulmuşdur.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisinin aparılacağı sahəsinə baxış keçirmişdir.
Qeyd edək ki, Masallı rayonunda mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.
1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 9900 hektara yaxın əkin sahələri suvarılır.
Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq. Bununla da bənddə yığılan 132 milyon kub metr su ehtiyatının faydalı həcmi 120 milyon kubmetr təşkil edəcəkdir. Bənddə yığılan su ehtiyatı Masallı rayonu ilə birgə Cəlilabad rayonunun da suya olan tələbatını qarşılayacaqdır.
Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini təmin edəcəkdir.