Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilmişdir

14 iyun 2014 | 15:00

İyunun 13-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallı rayonunun Güllütəpə kəndində inşa edilmiş tibb məntəqəsi istifadəyə verilmişdir.
Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi arasında 2013-cü il 13 sentyabr tarixində imzalanmışdır.
Layihənin məqsədi Masallı rayonunun Güllütəpə və qonşu beş kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaqdır. Layihədən faydalanacaq əhalinin sayı 6 min 800 nəfərdən çoxdur.
Tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takanaşin, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin sədri Füzuli Abıyev, Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında qeyd etmişdir ki, Yaponiya hökuməti ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu dostluğun təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda ilk məktəb binası məhz mənim doğulub boya-başa çatdığım Masallı rayonunun Mollaoba kəndində inşa edilmişdir.
Qeyd olunmuşdur ki, bu layihə üçün Yaponiya hökumətinin ayırdığı  qrant yardımının ümumi məbləği 110 min 957 ABŞ dolları təşkil edir.
Bildirilmişdir ki, 2003-cü ildə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Masallı rayonunun Mollaoba kəndində məktəb binasının tikintisi üçün 74 min 082 ABŞ dolları qrant yardımı ayrılmışdır.
Diqqətə çatdırılmışdır ki, bu layihələr də daxil olmaqla, Yaponiya hökumətinin Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 183 və dəyəri 15,305,706 ABŞ dolları təşkil edir.
Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçmişdir
Tədbirdə çıxış edən kənd sakinləri, tibb işçiləri və ictimaiyyətin nümayəndələri ölkəmizdə yerli əhəmiyyətli sosial problemlərin həllinə göstərilən yardıma görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Milli Məclisin Deputatı Nəriman Əliyev, Latviyanın Azərbaycan Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Hardiys Baumanisin iştirak etmişlər.

Keçidlər