Boradigah qəsəbəsində 600 yerlik yeni məktəb binası tikilir
Təhsil Nazirliyinin sifarişi ilə Masallı rayonunun Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəbi üçün yeni üçmərtəbəli bina inşa olunur.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Boradigah qəsəbəsində hazırda tikintisi davam etdirilən məktəbdə görülən işlərlə yerində tanış olmuşdur.
Obyektin iş icraçısı Tahir İsmayılov aparılan tikinti işləri ilə İcra başçısını tanış edərək bildirmişdir ki, üçmərtəbəli yeni məktəb binası 600 şagird yerlik olmaqla müasir tələblərə cavab verəcək yeni binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılır. Təhsil ocağında müasir istilik sistemi, geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcəkdir.
Rayon rəhbəri yeni təhsil ocağını gəzdikdən sonra inşaatçılara işlərində uğurlar arzulayıb, işin sürətləndirilməsini tövsiyə edib.
Qeyd edək ki, tikintiyə 2019-cu ilin noyabr ayında başlanıb, cari ilin dekabr ayına kimi təhvil verilməsi proqnozlaşdırılır.