Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım mərasimi keçirildi
19 iyun 2014-cü il tarixdə Masallı rayon Xıl kəndi Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun abidəsi önündə şəhidin anım mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş və ruhuna dualar oxumuşlar. Sonra Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar Birliyinin sədr müavini Yavər Yusubov mərasimi açaraq Elşad Hüseynov kimi qəhrəmanların sücaətini, döyüş bacarığını xüsusi qeyd edərək Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının başçılığı altında torpaqlarımızın geri qaytarılmasını və şəhidlərimizin qisasının alınacağını mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova çıxış edərək bu cür tədbirlərin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdıraraq qeyd etmişdir ki, Elşad Hüseynov kimi qəhrəman oğullarımızın cəsurluğu və rəşadəti Vətənini sevən hər kəs üçün örnək olmalıdır. Natiq Azərbaycan Prezidentinin şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığını vurğulamışdır.
Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Milli Qəhrəmanla birgə döyüş yolu keçmiş Rəhmət Rəhmətov və başqaları şəhid barədə fikirlərini, həyatını və döyüş sücaəti barədə ətraflı söhbət açmışlar.
Mərasimdə iştirak edən Milli Qəhrəmanın atası Eynulla Hüseynov şəhidə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlıq etmişdir.
Sonda Xıl kənd tam orta məktəbinin şagird kollektivinin ifasında şerlər və kompozisiya səsləndirilmişdir.