Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının kivi bağlarında məhsul bol olacaq

31 avqust 2020 | 16:00

Respublikamızın hər yerində ənənəvi sahələrin inkişafı üçün tədbirlər həyata keçirilir. Son illər Masallının təsərrufatlarında yeni əkin sahələrinin yaradılması geniş vüsət alıb. Rayonda kivi, feyxoa yetişdirilməsinə, digər meyvə bağlarının salınmasına diqqət və maraq artıb.

Masallı rayonunda 10 ilə yaxındır ki, ümumilikdə 7,6 hektar sahədə kivi yetişdirilir.

Ərkivan qəsəbə sakini Abdulla Abdullayev 2 hektar sahədə, Öncəqalalı fermer Aşur Mahmudov Hüseynhacılı kəndində 4 hektarda, Pənah Mehdiyev isə Tüklə ərazisinin Tiyaqani kəndində 1,6 hektar payıbəlli torpaq sahəsində kivi bağı salıb. Hər təsərrüfatda 5-10 nəfərin işlə məşğulluğu da təmin olunub.

Təsərrüfat sahibləri bildirirlər ki, artıq bir neçə ildir ki, bağlardan yaxşı məhsul əldə edirik. A.Abdullayev müvafiq olaraq hər mövsümdə bağlardan 10-15 ton, A.Mahmudov isə keçən il 35 ton kivi yığdığını deyir.

Bu mövsümdə də məhsuldarlığın yüksək olmasından ötrü vaxtaşırı olaraq tinglərə aqrotexniki qulluq göstərilir: vaxtında budanma işləri aparılır, bağ sahələri alaqlardan təmizlənir, tinglərin yerləşdiyi torpaq qatı mineral gübrələrlə qidalandırılır və s. Suvarma işləri fəvvarələr üsulu ilə aparılır ki, buna xüsusi diqqət yetirilir.

Fermerlərin fikrinə görə, kivi bir çox xüsusiyyətinə - tinglərin şaxtaya davamlığı, meyvənin gec çürüməsi, qiymətin nisbətən əlverişli olması və s. görə sərfəli bitkidir.

Qeyd edək ki, sentyabr ayınının sonundan kivi yığımına başlanılacaq. Bağlardan bu il bol məhsul gözlənilir.

Keçidlər