Şərəfə kəndində tibb məntəqəsinin açılışı
22 iyun 2014-cü il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Şərəfə kəndində tibb məntəqəsinin açılış mərasimi olmuşdur.
Mərasimi giriş sözü ilə açan Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayev Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində tikilib istifadəyə verilən 5000-dən çox əhaliyə xidmət göstərəcək birmərtəbəli və beş otaqdan ibarət səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.
Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən kənd ağsaqqallı Elşad Əsgərov, kənd ziyalısı, prezident mükafatçısı Naidə Məmmədova AzKİL nümayəndəsi Gülbəniz Qəmbərova və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq tibb məntəqəsinin insanların həyat və sağlamlıqlarında önəmli olacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Sonra Dünya Bankının nümayəndəsi Daniel Ouen və rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə ilə əlaqədar təbrik etmiş, əhaliyə sağlam gələcək arzulamışlar.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Dünya Bankının nümayəndəsi Daniel Oueni ilə birgə rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar.
Mərasimin sonunda kəndin özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı təşkil edilmişdir.