Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müşaviri Masallıda ziyalılar və dindarlarla görüş keçirtmişdir

05 iyul 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla iyulun 4-də Masallı şəhərindəki Heydər Əliyev  Mərkəzində rayonun ziyalıları və dindarlarla görüşmüşdür.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Kamal Abdullanı Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi və akademik adı alması münasibətilə rayon ictimaiyyəti adından təbrik etmişdir.
Görüşdə etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılmışdır.
Dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır.
Qeyd olunmuşdur ki, azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmışdır və bu prinsiplər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət müşaviri Kamal Abdulla görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Daha sonra Dövət müşaviri Masallı şəhərindəki məsciddə dindarlarla görüşmüşdür.
Görüş zamanı ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadiləsi aparılmış, milli azlıq təmsilçilərinin və dini icma üzvlərinin səsləndirdikləri təkliflərin yaxın gələcəkdə reallaşdırılacaq layihələrdə nəzərə alınacağı diqqətə çatdırılmışdır.
Çıxış edənlər Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu vurğulayaraq, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər