Türkoba kəndində həkim məntəqəsi kənd sakinlərinin istifadəsinə verildi
10 iyul 2014-cü il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Türkoba kəndində həkim məntəqəsinin açılış mərasimi olmuşdur.
Mərasimi giriş sözü ilə Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Leyla Əzizova açmış, Türkoba həkim məntəqəsinin müdiri Şahnəzər Hüseynov, Türkoba kənd icmasının sədri Əfqan İbrahimov və başqaları çıxış edərək Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində tikilib istifadəyə verilən səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.
Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə AzKİL2-in Muğan-Salyan RƏO proqram mütəxəssisi Fəridə Eminova, AzKİL2-in direktor müavini Gülbəniz Qəmbərova, AzKİL2-in direktoru Sübhan Əsgərov və başqaları çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq tibb məntəqəsinin insanların həyat və sağlamlıqlarında önəmli olacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə ilə əlaqədar təbrik etmiş, əhaliyə sağlam gələcək arzulayaraq, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsidir.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov AzKİL2-in direktoru Sübhan Əsgərov ilə birgə rəmzi lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar.