Masallıda veteranlara daim qayğı ilə yanaşılır
Masallıda müharibə iştirakçıları, əlil və veteranlara daim diqqət və qayğı ilə yanaşılır. Dövlət qurumları, həkimlər tez-tez onlara baş çəkir, vəziyyətləri ilə maraqlanırlar.
Masallı şəhər sakini, Böyük Vətən müharibəsi iştirakçısı Qulamhüseyn Məmmədov ötən əsrin 41-45-ci illərində Alman faşistləri ilə ölüm-dirim müharibəsində şücaət göstərmişdir. O, lV Sərhəd alayının 2114 nömrəli hərbi hissənin tərkibində, Ukrayna-Mazdok istiqamətində düşmənlərlə döyüşdə hünər göstərmiş, orden və medallara layiq görülmüşdür.
Müharibədən sonra o, rayonda sürücü işləyib. Təqaüddə olan müharibə və əmək veteranı rayonun ictimai-siyasi həyatında, tədbirlərdə fəal iştirak etmiş, gənclərlə vətənpərvərlik nümunəsi barədə söhbətlər aparmışdır.
Masallı rayon mərkəzi xəstəxanasının həkimi Məmmədbağır Piriyev bu günlərdə veteranın evində olmuş, onu müayinə edərək, sağlamlığına qayğı göstərmişdir.
Q.Məmmədov ölkə və rayon rəhbərliyinə, həkimlərə minnətdarlıq bildirmişdir.