“Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
10 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov “Baba bulağı” təbiət evinin ərazisində salınan meyvə bağlarında aparılan təsərrüfat işləri ilə yaxından tanış olub.
Sahibkar Əfqan Babayev məlumat verib ki, kollektiv hər il bağlardan tonlarla naringi, feyxoa məhsulları yığıb satır. Son illərdə 17 hektara yaxın torpaq sahəsində feyxoa, naringi, göycə alçası, gavalı, göyəm, əzgil və başqa növlü meyvə ağacları əkilib yetişdirilir. Bu il ilk dəfə olaraq bağlardan 500 kiloqram göyəm, 300 kiloqram qara gavalı, 3 hektar sahədən 1500 kiloqram noxud yığılıb. Hazırda feyxoa və meyvə ağaclarının dibi yumşaldılır. Bağlarda suvarma işləri damcı üsulu ilə aparılır.
Bildirilib ki, Mahmudavarda çayçılığın əvvəlki şöhrətini qaytarmaq məqsədilə tədbirlər görülür. Ərazidə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanılıb. Artıq 3 hektar torpaq sahəsi şumlanaraq əkinə yararlı hala gətirilib. Bu yaxınlarda 2 hektara çay şitili köçürüləcək. Fermer Əfqan Babayev bildirib ki, yaxın gələcəkdə çay plantasiyalarının sahəsinin 7 hektara çatdırılması mümkündür.
Rayon rəhbəri təsərrüfatçılarla görüş zamanı qeyd edib ki, kəndin inkişafı torpaqdan asılıdır. Torpaqsevər adam istədiyinə nail olur, dolanışığını təmin edir, rifahını yaxşılaşdırır. “Baba bulağı” təbiət evinin zəhmətsevər kollektivi bunu əməli işlə subuta yetirib. Sonra İcra başçısı Təbiət evinin yerləşdiyi bütün ərazini gəzib.
Nağılvari heykəl və fiqurlarla, yüzlərlə həmişəyaşıl ağac, bəzək və kol bitkiləri ilə zəngin dilbər guşədəki qədim üslublu restoran, motellər, meşə zolağı və meyvə bağları ilə tanışlıqdan sonra qeyd edilib ki, bu məkan həm də geniş turizm potensialına malikdir. Zövqlə yaradılmış “Baba bulağı”nda həm böyüklər, həm də uşaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Kollektivə tapşırıq və tövsiyələrini verən RİH başçısı Şahin Məmmədov "Baba bulağı" təbiət evindən xoş təəssüratla ayrılıb.