Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Mahmudavar kəndində olub, arıçı İsa İbadovun təsərrüfatı ilə maraqlanıb.
Təsərrüfatı barədə məlumat verən İsa İbadov bildirib ki, hazırda vegetasiya dövrüdür, qışa hazırlıq işləri görülür. Hər bir arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsi zərərvericilərə qarşı vaxtında mübarizə aparmağa şərait yaradır.
İxtisasca müəllim olan təsərrüfatçı arıçılıqla 2013-cü ildən məşğul olur. Təsərrüfatında 40-a yaxın arı ailəsi var. Həyətində yüzə yaxın meyvə ağacları var. Bu meyvə ağaclarından başqa məhsulun dəvətikanı, yonca, biyan və digər çiçəklərdən toplandığını vurğulayan İ.İbadov mövsümə müvafiq, təbiətin gəlişinə uyğun olaraq hər yeşikdən 20-25 kiloqram bal götürdüyünü deyib.
Onu da qeyd edək ki, YAP siyasi şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov da bu kənddəndir. Bu gün, YAP Masallı rayon təşkilatının yaradıcısı, “Tərəqqi” medallı ağsaqqalın 88 yaşı tamam olur.
Şirvan Əbilovla telefon əlaqəsi saxlayaraq, ad günü münasibətilə onu təbrik edən RİH başçısı Şahin Məmmədov ötən əsrin 90-cı illərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevlə görüşən bu tanınmış ictimai xadimi Vətəninə, dövlətinə, Ulu Öndərə, dövlətimizin başçısına sədaqətli insan kimi xarakterizə edib. Sonda İcra başçısı təsərrüfatçıya tövsiyələrini verib. Arıçı İ.İbadov səmimi görüşdən razılığını bildirib.