Masallı park-bulvar kompleksində işlər davam edir
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi davam etdirilir.
Yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.
Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb.
Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.
Əldə etdiyimiz məlumata görə hazırda daha 159 poqonometr hissənin beton məcraya salınması işləri gedir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin sentyabrın 18-də Masallı rayonuna səfəri zamanı Viləş çayı yatağının şəhər ərazisindən keçən hissəsində inşa edilən park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını vermişdi.
Hazırda tikintisi davam etdirilən park-bulvar kompleksində işlər davam etdirilir.