Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

30 sentyabr 2020 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu

- Pakistan qardaş ölkədir. Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq;

- Kəşmir problemində Pakistanın yanındayıq.  Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur;

- Pakistana minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub;

- Azərbaycan ordusu adekvat cavab verdi. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Onlara adekvat cavab verildi. Onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı;

- Ermənistan müharibəyə hazırlaşırdı. Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə onlara növbəti dərs veriləcək;

- Azərbaycan ordusu öz torpağında döyüşür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar tarixi abidələri dağıdıblar, məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib;

- Ermənistanda diktator rejimi var. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq;

- Hazırkı status-kvo qəbuledilməzdir. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər. Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur. Ermənistan rəsmiləri Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq deyir. Baş nazir deyir ki, Qarabağ Ermənistandır;

- Azərbaycan marionet rejimlə heç vaxt danışıqlar aparmayacaq. Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparması danışıqların formatının dəyişməsi deməkdir. Livandan gələn ermənilər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşır. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Azərbaycan heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcək;

- Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir. Azərbaycan əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan;

- Türkiyə hər zaman bizimlədir. Türkiyə Prezidenti, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.

Keçidlər