28 may - Müstəqillik Günü
26 may 2022 | 18:13
Mayın 26-da Masallı rayon Heydər Əliyev Mərkəzi və “Gənclərin İnkişaf və Karyera Mərkəzinin” Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva giriş nitqi ilə tədbiri açıq elan edib. D. İbayeva xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini xüsusi vurğulayıb.
Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb.
“Azərbaycan Xalq Cümhüriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.