“Sosial sığorta haqqı ödənişi gələcəyinizin təminatıdır” mövzusunda açıq qapı forumu
Sentyabrın 30-da Dövlət Sosial Müdafiə Fondu (DSMF) Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Sosial sığorta haqqı ödənişi gələcəyinizin təminatıdır” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirib.
Regional forumda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Elşən Məmmədəliyev uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunduğunu, əhalinin sosial rifahının daha da yaxşılaşdığını bildirib.
Qeyd olunub ki, ölkəmizdə beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.
Sentyabrın 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 6,5 faiz artıb və 2014-cü ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 min 134 nəfər sığorta olunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 2 milyon 865 min 491 nəfərə yüksəlib.
Bildirilib ki, DSMF-nin genişləndirilmiş informasiya kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığorta olunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb. Bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib. Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir.
Diqqətə çatdırılıb ki, DSMF ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın-1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çox sığortaolunanın sığorta-pensiya sistemində iştirakının müəyyən edilməsində mühüm rola malikdir.
Regional forumda bir məqam xüsusi vurğulanıb ki, vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks etdirilməsində xüsusilə maraqlı olmalıdırlar. Onlar ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrdə, yəni 2006-cı il yanvarın 1-dək olan iş stajlarının qeydiyyata alınmasında fəallıq göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.
DSMF-nin sektor müdiri Rüfət Oruclı tədbirdə təqdimatla çıxış edərək, sığorta-pensiya sisteminin xüsusiyyətlərindən, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, istənilən vətəndaş fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq öz fərdi hesabı barədə məlumatlar, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər.
Diqqətə çatdırılıb ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən fondun “190 çagrı mərkəzi”nə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.
Bundan əlavə, ölkədə pensiya ödənişlərinin 99,9 faizinin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, fondun əhaliyə və sığorta edənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə forum iştirakçılarına ətraflı məlumat verilib.
Regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.