Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı uğurlu əks-həmlə əməliyyatları nəticəsində rəşadətli ordumuz digər ərazi və yüksəkliklərlə yanaşı Cəbrayıl şəhəri və rayonun 55 kəndini, Xudafərin körpüsünü də düşmən işğalından azad edib.
Odur ki, xalqımızla birgə cəbrayıllılar da böyük sevinc içindədir.
Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Əli Hüseynovun ailəsi 27 ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun Əmirvarlı kəndinə qayıda biləcəklər.
Ailənin başçısı, Əli kişi deyir: “Cəbrayıl şəhəri işğal olunsa da, Arazboyu kəndlər qalmışdı. Üç tərəfdən mühasirədəydik. Çıxış yolumuz təkcə Xudafərin körpüsündən idi. Camaat İrana keçməklə canını qurtarmağa çalışırdı. Həyat yoldaşımı üç azyaşlı uşaqla (5 yaşlı oğlum və 7-8 yaşlı iki qızımla) Azərbaycan tərəfə ötürdükdən sonra mən atamla aşağı kənddə, İranla həmsərhəd ərazidə qaldıq. Deyirdilər ki, Arazboyu kəndlər istiqamətindən ordumuz hücuma keçəcək, mühasirəni yaracağıq. Ümidimiz vardı, gözləyirdik. Yuxarı tərəflərdə ermənilərlə ara-sıra atışmalar olsa da, hələ ki, qarşı tərəf hücuma keçmirdi. Bizimkilərdən isə xəbər-ətər çıxmadı ki, çıxmadı. Gözümüz arxada qala-qala, kəndimizə baxa-baxa ayrıldıq...
İrandan keçməklə əvvəlcə İmişli rayonuna, sonra Masallıya gəldik.
Biz gələndən sonra, noyabrın 24-də Xudafərin kəndi və körpülər işğal olundu.
Masallıda, Şərəfə kəndində məskunlaşdıqdan sonra “Sabir” adına sovxozda işləməyə başladım. Sonradan isə şəxsi heyvandarlıq təsərrüfatı ilə məşğul oldum. Övladlarım burda ailə qurublar. Özümə dəbdəbəli ev də tikmədim. Bilirdim ki, gec-tez yurdumuza qayıdacağıq.”
66 yaşlı Əli Hüseynov sözünə davam edərək bildirir: “Doğma kəndimizin düşməndən azad edildiyi gün nə dərəcədə sevinc hisslərini yaşadımsa, onu sözlə ifadə etmək olmaz. Hələ müharibənin ilk günündə azad olan əraziləimiz sırasında Böyük Mərcanlının adı çəkiləndə, yəqin etdim ki, yaxın vaxtda kəndimizin də xoş xəbərini eşidəcəyik. 27 ildir ki, bu günü gözləyirdik. Bir an olsun belə Əmirvarlını unutmadım. Düzən yerdə, eyni zamanda dəmir yolu və Laçın-Kəlbəcər yolunun üstündə yerləşən kəndimizin üst tərəfi nisbətən çılpaq dağlardır. 4-5 kilometr uzaqlıqda yerləşən bulaqdan həyətlərə borular vasitəsilə su çəkmişdik. Yan Təpə ərazisində otlaq sahələrimiz vardı. Evin tək övladı olmuşam. “28 may” sovxozunda yem və taxılçılıq briqadiri işləyirdim. Buğda, arpa əkirdik. Qismən maili – sulu, münbit torpaq sahələrində üzüm plantasiyaları salınmışdı. Süfrə və texniki sortlar yetişdirirdik. Atam Məhəmməd kişi (1934-2006) şəxsi təsərrüfatında xirda və iri mal-qara bəsləyirdi. Heyvanların qış yatağı Diridağda idi. Atam çox vaxt Xudafərin kəndində qalardı. Kirayə ev tutmuşdu. Dördüncü sinfi də orda oxumuşam. Min ilə yaxındır təbii qayalar üzərində qərar tutan Xudafərin körpüsünün altından, Arazdan su götürərdik.”
Ə.Hüseynov söyləyir ki, 89 yaşlı anam Həsiyyə Məmmədovanın, ömür-gün yoldaşımın, övlad və nəvələrimin arzusu tezliklə doğma ata-baba ocağına qayıtmaq, orada qurub-yaratmaqdır. Sevinirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin köməyilə işğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik.
Sonda müsahib böyük Qələbəyə əminliyini belə ifadə edir: “Düşmən bilir ki, artıq onların oyunu bitib. Məğlub Ermənistanın fantaziyası, “sudan quru çıxmaq” cəhdi bir nəticə verməyəcək. Bu kimi fikirləri ölkə rəhbərimiz oktyabrın 20-də xalqa müraciətində də bildirdi: “Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.”
Əminəm ki, Ali Baş Komandanın başçılığı ilə işğal altında olan digər rayon və kəndlərimiz də yağılardan azad ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir...”