Masallının feyxoa bağlarında məhsul yığılır
12 hektar sahədə feyxoa bağında bol məhsul gözlənilir. Qısa müddətdə 500 kiloqramdan çox feyxoa yığılıb tədarük edilmişdir.
Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.
Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.
Botaniki təsviri belədir: Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.