Şuşa sakini: “Qarabağda əbədi yaşayacağıq”
Şuşanın işğaldan azad edilməsi artıq Böyük Qələbənin başlanğıcı oldu. Azərbaycanın bu qədim şəhərinin erməni separatçılarından geri alınması Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasına rəvac verdi. Bu möhtəşəm qələbəmizdən sarsılan düşmənlərimiz isə acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək.
Bu sözləri bizə müsahibəsində 1992-ci ildən bugünədək Masallı şəhərində məskunlaşan Şuşa şəhər sakini Telman Abbasov dedi.
Ailə başçısı bildirdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütünlüklə Qarabağ torpağının, eləcə də Qafqazın incisi olan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza, eləcə də bizim ailəyə sonsuz sevinc və qürur hissi yaşadır.
Məlumat üçün bildirək ki, Telman Abbasov Şuşa Dram Teatrında sürücü, həyat yoldaşı Elmira xanım (1944-2013) isə Şuşa sanatoriyasında səkkizinci korpusun rəhbəri kimi çalışırmış. Ailədə 4 övlad böyüdüblər. Bir qızın toyunu Qarabağda etsələr də, o birini Masallıdan gəlin köçürüblər. Evin tək oğlu Rafiq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki adı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirib. Masallı şəhər şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri, ömür-gün yoldaşı Ülviyyə isə həmin tədris ocağında ibtidai sinif müəllimi işləyir.
Ürəyi sözlə dolu olan Telman kişi dedi: “Vətən müharibəsinin ilk günündən etibarən yenilməz ordumuzun qələbə xəbərləri sanki bükülmüş qəddimizi, başımızı dikəltdi. 44 gün ərzində hünərvər əsgərlərimizin döyüş meydanında göstərdiyi böyük şücaəti bir daha bütün dünyaya bəyan etdi ki, qorxubilməz oğullarımız, dəmir iradəli Azərbaycan xalqı nəyə qadirdir.”
78 yaşlı ağsaqqal ötən günləri göz önündə canladırdı: “1988-ci ildə ermənilərin Xankəndinə hücumlarından sonra Şuşaya pənah gətirdik. Yerevandan gələn ermənilər yerli erməniləri məcbur edirdilər ki, bizi incitsinlər, sıxışdırıb şəhərdən çıxartsınlar. Bir sözlə azərbaycanlılara zülm edirdilər. Həyət evlərinə od vurub yandırır, binada yaşayanların bəzisini yaşadığı mənzilin eyvanından küçəyə tullayırdılar. Qarajı söküb maşınımı əzik-üzük etmişdilər.
Xocalının Meşəli kəndi uğrunda gedən döyüşlər zamanı dayımın iki övladı şəhid oldu. İki xalam oğlu isə əsir düşdü. İndiyəcən xəbər-ətər yoxdur. Meşəlidə, Armais adlı erməni quldurunun başçılığı ilə 27 azərbaycanlı qətlə yetirilmişdi...
Növbəti dəfə Şuşadakı yurdumuzdan, evimizdən didərgin düşdük. Şəhərin mərkəzində - Vaqif Cəfərov küçəsi 30, mənzil 40 ünvanında yaşayırdıq. Köç zamanı həyat yoldaşımla uşaqları Ağdama, Çəmənli kəndinə yola saldım.
Söhbətimizə Rafiq qoşuldu: “Bir müddət təşviş içində yaşasaq da sonradan güllə, mərmi səsinə alışmışdıq. Sanki bu bizimçün adi həyat tərzinə çevrilmişdi. Əhalidə qorxu-xof hissi yox idi. Xocalı faciəsindən sonra ermənilərin iç üzü açıldı. Şuşa şəhərinin mərkəzi mütəmadi atəşə tutulmağa başladı. İnsan tələfatları oldu. Oxuduğum şəhər 3 nömrəli orta məktəbə də mərmi düşmüşdü. Xoşbəxtlikdən şənbə günü olduğundan dərsdə deyildik. Məktəbin yarısı dağılmışdı...
Şuşanın ilk şəhidi Habil Abbasov bizim qonşumuz idi. İzdihamlı dəfn gününü də xatırlayıram, güclü qar yağırdı.”
Rafiq müəllim danışdıqca sanki yaddaşı təzələnirdi: “1992-ci il yanvarın 28-i idi. Qonşumuzun qışqırığına eyvana çıxdıq. “Mi-8” vertolyotunun yana-yana Xəlfəli kəndi üzərindən dərəyə necə düşüb partlamasının şahidi olduq. Ermənilərin bu kütləvi qətliamı nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 44 nəfər həlak olmuşdu. Atamın iki xalası qızı o faciənin qurbanlarına çevrildi. Vertolyotun ikinci pilotu Masallıdan olan Səfa Axundov ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü.”
Telman kişi sözünün davamını gətirdi:” Xocalı faciəsindən sonra genişmiqyaslı artileriya bombardımanına başladılar. Əsasən Kərkicahandan, Topxana meşəsindən mərmi atırdılar. Ermənilər 8 mayda tank və vertolyotlarla Şuşaya hücum etdilər.
Döyüşlərə qatılmaq üçün bir neçə rayondan polis dəstələri də köməyə gəlmişdi. Masallıdan gələn polis işçilərindən Adışirin Həzərxanov, Nizami Şükürov sonuncu gün şəhəri tərk edərkən bizə kömək etdilər. Sanki son sakinlər kimi şəhəri tərk edirdik. Beş nəfər idik – mən və sanatoriya işçiləri. Şuşa zastavasına gəldik, Laçın yoluna çıxdıq. Zarıslıdan yolu bağlamışdılar. İki günə Beyləqana çatdıq. Bir neçə gün sonra isə Masallıya gəldik.”
Ailənin 43 yaşlı övladı Rafiq qürurla vurğuladı: “Doğma torpaqlara qayıdırıq. Köçkün adından xilas oluruq. Üçrəngli bayrağımız Şuşa qalasına sancıldı, işğaldan azad edilmiş Qarabağda dalğalandı. Qələbə günündə özümə borc bildim ki, şagirdim, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Araz Seyfullayevin, Şuşa həsrətilə dünyasını dəyişən Elmira anamın (1944-2013) Masallı şəhər qəbiristanlığındakı məzarını ziyarət edim.”
Rafiq 30 il ərzində heç kimə demədiyi sirrlərini bizimlə bölüşdü. “Sizə iki sirrimi açıqlayacağam”- deyə, o biri otağa keçdi. Dəsmala bükülmüş köhnə, paslı açarları masa üzərinə qoyaraq dedi: “Bunlar mənə anamdan əmanətdir. Evdəkilər xəbərsizdir. Şuşadakı evimizin, həyətdəki qarajın və s. açarlarıdır. İkinci sirrim isə dəfələrlə hərbi-vətənpərvərlik tədbirlərində, şəhidlərin anım mərasimlərində istifadə etdiyim bu bayraqla bağlıdır. Bu günəcən heç kim bilmir ki, onu Şuşadan gətirmişəm. 13 yaşımdan bu bayraq mənimlədir...”
Telman kişi müsahibəni Möhtərəm Prezidentimizin sözləri ilə yekunlaşdırdı: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”