Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yeni Azərbaycan Partiyası tərəfindən qeydə alınmış namizədlərlə görüş keçirilmişdir

04 dekabr 2014 | 16:00

04 dekabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı bələdiyyə seçkilərində partiya tərəfindən Masallı rayon bələdiyyələrinə qeydə alınmış namizədlərlə və Seçki Qərargahının üzvləri ilə görüş keçirib. Tədbirdə YAP İdarə heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP İcra Katibliyinin məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verərək bildirmişdir ki, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar”.
YAP İdarə heyətinin üzvü Kərim Kərimov çıxış edərək qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan K.Kərimov, həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi şərtləndirir: “Həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib. Sevindirici haldır ki, bu işlərdə bələdiyyələr də müstəsna rol oynamaqdadır”.
YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, isə bələdiyyə institutunun mahiyyəti və fəaliyyət mexanizmindən bəhs edərək diqqətə çatdırıb ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır: “Azərbaycanda bələdiyyə institutu milli qanunvericiliyə əsasən təşəkkül tapıb və səmərəli fəaliyyət mexanizminə malikdir. Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir”.
Mİllət vəkili Nəriman Əliyev çıxış edərək bələdiyyə seçkilərinin demokratik idarəetmə sisteminin mühüm komponenti olduğunu diqqətə çatdıraraq deyib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Bu prosesdə təbliğat-təşviqat işləri də mühüm əhəmiyyət kəsb edir. “Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir”.
Görüşdə iştirak edən Prezident təqaüdçüsü Şirvan Əbilov, rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov və digərləri çıxış edərək bələdiyyə seçkilərində partiyanın namizədlərinin qalib gələcəklərinə əminliklərini ifadə ediblər. Diqqətə çatdırılıb ki, bu seçkilərdə də YAP-ın qələbəsi şəksizdir.
Görüşə yekun vuran YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev vurğulayıb ki, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fəaliyyətinə görə fərqlənirlər. Bu seçkilərdə qadınlara və gənclərə xüsusi yer verilib. “İnanırıq ki, dekabrın 23-də Masallı seçiciləri Ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcək və Masallıların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq”.
Seyfəddin Əliyev sonda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə bu seçkilərdə uğurlar arzulayıb.

Keçidlər