Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sənaye məhsullarının istehsalı 15 faiz artıb

16 noyabr 2020 | 16:00

Bu ilin doqquz ayında Masallı rayonunda fəaliyyət göstərən 24 sənaye müəssisəsinin, fərdi sahibkarların və ev təsərrüfatlarının işi də nəzərə almaqla, 46 milyon 752 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. İstehsal olunmuş sənaye məhsullarının və xidmətlərin 11,9 faizi dövlət, 88,1 faizi isə qeyri-dövlət sektoruna aiddir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə  rayonda istehsal olunmuş sənaye məhsulunun 88 faizi emal sənayesinin, 0,1 faizi mədənçıxarma sənayesinin, 10,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, böluşdürülməsi və təchizatı müəssisələrinin, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Bu dövrdə rayonda sənaye sahəsində 2708 nəfər işçi çalışıb. Bu, ötən ilin müvafiq dövründən 2,2 faiz çoxdur. Sənayedə çalışan işçilərin 387 nəfəri dövlət, 2321 nəfəri isə qeyri-dövlət sektorunda işləyənlərdir.

Rayonda sənaye sahəsində çalışan bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 350,5 manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Dövlət müəssisələrində orta aylıq əməkhaqqı 472,4, qeyri dövlət müəssisələrində isə 330,2 manatdır. Sahələr üzrə bu göstərici emal sənayesində 330,2, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 519,4, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 359,6 manat təşkil edib.

Keçidlər