Şriftin ölçüsü :

Saytın rəngi :

“Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalandı

05 dekabr 2014 | 16:00

05 dekabr 2014-cü il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalandı. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov imzaladılar.Layihənin məqsədi Masallı rayonunda tullantıların və təkrar istifadənin davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədilə rayondan kənarda yanma kameralarını inşa etməkdir.Layihədən faydalananların sayı təxminən 46 min nəfəri əhatə edir. Layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 101 min 551 ABŞ dolları təşkil edir.Sənədlərin imzalanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşinin Masallıya ikinci dəfə səfər etdiyini diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, rayon icra hakimiyyəti başçılarından ibarət qrup bu yaxınlarda Yaponiyada səfərdə olub.Həmin qrupun tərkibində özünün də olduğunu vurğulayan R. Hüseynov səfər zamanı Yaponiyada idarəetmə və şəhər təsərrüfatı ilə yaxından tanış olduqlarını bildirdi.Ölkəmizdə, o cümlədən Masallıda yerli əhəmiyyətli sosial layihələrin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıq ifadə edildi. Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi mərasimdə çıxış edərək Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin, əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. O, Masallının gözəl təbiətə malik olduğunu, layihənin icrası başa çatdıqdan sonra yenə də bu məkana gəlmək arzusunda olduğunu bildirdi.Qeyd olundu ki, 2013-cü ildə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Masallı rayonunda iki qrant layihəsi həyata keçirilib. Bildirildi ki, Yaponiya hökumətinin qrant yardımı hesabına Masallı rayonunun Mollaoba kəndində smeta dəyəri 74 min 082 ABŞ dolları olan məktəb tikilib, Güllütəpə kəndində smeta dəyəri 110 min 957 ABŞ dollar təşkil edən tibb məntəqəsinin inşa edilib.Mərasim başa çatdıqdan sonra səfir Tsuquo Takahaşi Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində yaradılmış şəraitlə yaxından tanış oldu, Mərkəzin fəxri kitabına ürək sözlərini yazdı.

Keçidlər