Cari ildə tütünçülükdə məhsuldarlıq yüksəlib
Bu il Masallı rayonunun tütünçü fermerləri sahələrdən bol məhsul götürürlər. Aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil, gübrə və dərman təminatının yüksək səviyyədə təşkili sayəsində 2020-ci ildə tütünçülükdə məhsuldarlıq yüksəlib.
Bundan əlavə Masallı rayonunda 2020-ci ildə ilk dəfə olaraq tütünün "Berley" sortu əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Həm də ənənəvi sortlardan 2 dəfə çox məhsul verir. Məhz bunun nəticəsidir ki, Masallının tarlalarından 62 tona yaxın quru tütün tədarük edilib emal müəssisələinə göndərilib.
Masallıda dövlətə növbəti il üçün 91,84 ton tütün proqnozlaşdırılıb.
Ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə fermerlərə 50 manat məhsul subsidiyası ödənilir.
Hazırda sahələrdə yığım davam edir, tütün yarpağı yığımının optimal müddətdə başa çatdırılması gözlənilir.