Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmirdən sonra istifadəyə verilib
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı rayonunun Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmirdən sonra istifadəyə verilib.
Hər biri 15 çarpayılıq olan ikimərtəbəli səhiyyə ocaqları ən müasir tibbi avadanlıqla təmin edilib.
Ümumilikdə 25 yaşayış məntəqəsinin 50 mindən çox sakininə xidmət göstərəcək sahə xəstəxanalarında ilkin tibbi yardım, peyvənd, stomatoloji, ultrasəs müayinə və digər kabinetlər fəaliyyət göstərəcək.
Tibb ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova, Səhiyyə Nazirliyinin tibbi yardım təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və başqaları əlamətdar hadisə münasibətilə sakinləri təbrik ediblər.
Çıxış edənlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.