Masallıda kartof sahələri genişlənir
Masallı rayonunun iqtisadiyyatına müsbət təsir göstərən sahələrindən biri kartofçuluqdur.
Atalar kartofu ikinci çörək kimi dəyərləndirmişlər. Odur ki, bu bitki Masallı rayonunda təkcə payıbəlli torpaqlarda deyil, şəxsi təsərrüfatlarda da əkilir.
Son illər təsərrüfatlarda kartofçuluğa maraq var. 2019-cu ildə Masallı rayonu üzrə 844,5 hektar sahədə kartof yetişdirən fermerlər cari ildə 880,5 hektar sahədə məhsul yetişdirməyə nail olmuşlar. Məhsul satışında yenə də Təzə Alvadı, Təklə, Xırmandalı və başqa ərazilərin fermerləri-kartofçuları fərqlənmiş, hektarı genişləndirmişlər. Belə ki, qeyd etdiyimiz kimi ötən il ilə müqayisədə rayonda 36 hektar sahədə daha çox kartof əkib becərilmişdir. Kartofun çox məhsuldar bitki olduğunu nəzərə alan fermerlər cari ildə də kartof əkini üçün sahələri vaxtlı-vaxtında şumlanmasına çalışmış, bütün aqrotexniki qaydalara əməl etmişlər. Axı, onlar yaxşı bilirlər ki, yığdıqları məhsul həm də daxili bazara yox, xarici bazara yol tapır; məsələn qonşumuz olan Rusiya Federasiyasına. Rusiya alıcı tələbkar, keyfiyyəti sevən xalqdır. Onlar hər il Masallının nübar kartofunu gözləyirlər. Artıq burada Masallı kartofçularının əkib becərdikləri məhsul demək olar ki, bir çox regionlara göndərilir. Ona görə də kartofbecərənlər hər işi vaxtlı-vaxtında görməyə çalışırlar. İnanırıq ki, onlar gələn ilin bol məhsulu üçün də var qüvvə sərf edəcəklər.